Azərbaycanda xam kəlağayı istehsalı bərpa olunur

2 dekabr 2018-ci il tarixdə məlumat yaymışdıq ki, «Azərbaycan kəlağayı sənəti 2014-cü ilin sonunda «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilsə də bu gün Azərbaycanda kəlağayı toxunmur». Bildirmişdik ki, «Azərbaycanda kəlağayı toxuyan sonuncu müəssisə Şəki ipək kombinatı idi, lakin 1 fevral 2018-ci il tarixdən kombinatın toxucu istehsalatının fəaliyyəti dayandırılb və yenidən bərpa ediləcəyi gözlənilmir» (Bax: Azərbaycan kəlağayısı hal-hazırda yalnız Türkmənistanda toxunur).

24 yanvar 2018-ci il tarixdə Şəki ipək kombinatının əmək kollektivi, o cümlədən mühəndis-texniki işçilərinin xahişi ilə Şəki ipək kombinatının mövcud durumu və perspektivi ilə bağlı Prezident İlham Əliyev cənablarına müraciət göndərdik. Müraciətdə respublikada xam kəlağayı istehsalının dayandırılmasının iqtisadi nöqteyi-nəzərdən heç bir izahının olmadığını vurğulamışdıq.

Müraciətimizdən heç bir ay keçməmiş, 18 fevral tarixində Şəki ipək kombinatının bir il fəaliyyətsiz qalmış toxucu istehsalatının və burucu sexinin işə salınmasına və xam kəlağayı istehsalının bərpa edilməsinə hazırlıq işlərinə başlanılıb. Məlumat üçün əlavə edək ki, kəlağayı istehsalının dayandırılmasına görə kombinatın toxucu istehsalatı və burucu sexi bir il idi ki fəaliyyətsiz qalmışdı və birincinin 129, ikincinin isə 37 işçisi – 166 nəfər, işsiz idi. İşsiz qalmış işçilərin hələlik yalnız 30-40 % işə çağırılsa da, say tədricən artırıla bilər. Fevralın 19-da, yaxud bundan sonrakı bir-iki gün ərzində «Azərbaycan Sənaye Korporasiyası» ASC tərəfindən işçilərin işəgötürülmə əmrlərinin təsdiqlənəcəyi gözlənilir, bunun ardınca isə kombinatın toxucu istehsalatı və burucu sexi birillik fasilədən sonra 30-40 % gücü ilə işə düşəcək.

Yeri gəlmişkən əlavə edək ki, Prezidentə əvvəlki müraciətlərimizimiz də nəticəsiz qalmamışdır. Məsələn, respublikada ipəkçiliyin acınacaqlı vəziyyəti ilə bağlı 29.01.2016-cı il tarixdə etdiyimiz müraciətimizdən az sonra bu sahədə əhəmiyyətli müsbət dəyişikliklər baş vermiş, 2016-cı ildə 70 ton, 2017-ci ildə 244 ton, ötən il 513 tondan çox yaş barama tədarükü baş tutmuş, bu il üçün isə azı 800 ton yaş barama tədarükü planlaşdırılıb. Şəki ipək kombinatına pambıq iplik istehsal etmək üçün mahlıc verilməməsi və bununla əlaqədar olaraq kombinatın pambıq əyirici sexinin fəaliyyətsiz qalması, işçilərinin maaş almaması ilə bağlı ötən ilin əvvəllərində etdiyimiz növbəti müraciətdən az sonra isə Şəki ipək kombinatına 1209 ton mahlıc ayrılmış, nəticədə kombinatının pambıq əyirici sexi bir illik fasilədən sonra yenidən fəaliyyətə başlamışdı.

Aydın Məmmədov

Şəkildə: Xalq Artisti Şahnaz Haşımova Şəki ipək kombinatının mağazasında , – 2010-cu il (Bax: >>)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.