Şəkidə tütünçülük və baramaçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib

Bu gün Şəki rayonunda Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimovunsədrliyi ilə “Baramaçılığın və tütünçülüyün inkişafı ilə bağlı 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliynin saytında məlumat dərc olunub.

Göstərilir ki, müşavirədə Nazirliyin Aparat nümayəndələri, «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin rəhbər şəxsləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tütün və barama emalı müəssisələrinin təmsilçiləri, həmçinin 26 rayondan tütünçülük və baramaçılıqla məşğul olan 209 fermer iştirak edib.

İnam Kərimov Azərbaycanda tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib: “Ölkədə tütünçülük və baramaçılığın inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi dövlətin bu sahəyə diqqətini göstərir. 2017-ci il ilə müqayisədə ötən il tütün əkin sahələri artıb, istehsal olunan tütünün həcmi artıb, hər hektara düşən məhsuldarlıq yüksəlib. Bu il tütün əkin sahələrinin daha da çox olacağı gözlənilir. Tütün əkini üçün tələb olunan mineral gübrə ilə təminat həyata keçirilib, aqrotexniki qaydalara uyğun tədbirlər görülüb”.

Nazir qeyd edib ki, Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Baramaçılığın inkişafı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verib. Dövlət Proqramında yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluq zavodlarının, baramanın ilkin emalı üçün qurutma məntəqələrinin yaradılması nəzərdə tutulur”.

Daha sonra Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr”, “Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyev“Tütün qəbulu və emalının təşkili”, Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Tut ipəkqurdu toxumçuluğunun və tut tingçiliyinin mövcud vəziyyəti”, «Azərbaycan Sənaye Korporasiyası«nın Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov “Tütün və barama emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün görülən işlər”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili”, “Şəki İpək” MMC-nin direktoru Nizami Qəribov“Barama emalının mövcud vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış ediblər. Müşavirədə Zaqatala rayonundan tütünçü fermer Akif Kələşov və Zərdab rayonundan kümçü fermer Surxay Xəlilov məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə şitil, toxum, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Mənbə: >>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.