Şəki Məşğulluq Mərkəzinin direktor əvəzi: İş yoxdur, iş olmayıb və iş olmayacaq!

İşlə təmin olunmaq üçün telefonla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin qaynar xəttinə müraciət edən Şəki şəhər sakinini diqqətlə dinləyirlər, daxili telefonla Şəki Rayon Məşğulluq Mərkəzinə zəng edib şikayətçinin işlə təmin olunmasına göstəriş verirlər, sonra şikayətçini əmin edirlər ki sizi tezliklə Şəki Məşğulluq Mərkəzinə dəvət edib iş verəcəklər. Bir-iki gün keçir, iş axtaran şikayətçi görür onu heç kim axtarmır, üz tutur Rayon Məşğulluq Mərkəzinə, burada Mərkəzin direktor müavini Mehman Bayraməliyev ona şifahi olaraq bildirir ki, «iş yoxdur, iş olmayıb, bundan sonra da olmayacaq! Məşğulluq Xidmətinin isə cəmi bir-iki il ömrü qalıb, ləğv olunub Asan Xidmətə veriləcəkdir».

Bu elə bir vaxtda baş verir ki, Azərbaycanın dövlət başçısı hər il ölkədə 100 minlərlə yeni iş yerinin açıldığını, Şəki şəhərinin icra başçısı isə hər il rayonda minlərlə yeni iş yerinin açıldığını bəyan edirdi.

Bir il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş axtranlar üçün bütün ölkə üzrə mərkəzləşmiş sistem yaradacağını bildirmişdi. Lakin bir il keçib, bu sistemdən səs-soraq yoxdur. Yəqin ki heç yaradılmayacaq da, əgər ölkədə iş yoxdursa, mərkəzləşmiş sistemə nə ehtiyac ola bilər axı?

Ötən il «İpəkçi» qəzetində «Şəkidə sənayenin iflic vəziyyətində olması rəsmi statistikada» başlıqlı yazı dərc etmişdik. Məqalədə 2017-ci ilin göstəricilərinə görə Şəkidə sənayenin iflic vəziyyətinə olmasını rəqəmlərlə göstərmişdik. 2018-ci ildə rayonda sənaye məhsulu istehsalında bir qədər artım olub, amma bu artım heç də sənayenin inkişafı və bərpası demək deyil, Mingəçevirdə baş verən qəza ilə əlaqəli idi. Başqa sözlə, Mingəçevir İES-də qəza baş verdikdən az sonra Şəki İES-də elektrik istehsalını artırmağa məcbur olublar. Məlumat üçün əlavə edək ki, 2017-ci ildə Şəki rayonunda istehsal edilən sənaye məhsulunun qiymətinə görə azı 70 %-i elektrik enerjisinin payına düşüb. Bu İES-də isə cəmi 30 nəfər işləyər, ya yox. Yəni rayonda elektrik enerjisi istehsalının artması rayon əhalisinin məşğulluğuna heç bir təsir göstərmir.

Ötən il «İpəkçi» qəzetində « Şəkidə işsizlərin sayı saxta yollarla necə azaldılır?»başlıqlı yazı da dərc etmişdik. Göstərmişdik ki, «indi isə sənayesi iflic vəziyyətində olan şəhərdə işsizlik probleminin necə həll edilməsi üzərində dayanmaq istəyirik. Lakin bəri başdan deyək ki, Şəkidə işsizlik probleminin aradan qaldırılması istiqamətində hansısa bir tədbirin görüldüyünü görmədik, əvəzində bu problemin gündən-günə daha da dərinləşdirildiyini gördük». Vəziyyət yenə həmin vəziyyətdir, heç bir dəyişiklik yoxdur. Yalnız Məşğulluq Mərkəzinin direktoru dəyişdirilib, əvvəlkinin işdən azad ediblər, amma yenisini də hələ təsdiqləməyiblər.

2018-ci ildə rayon üzrə 113 nəfərin özünəməşğulluq proqramına cəlb olunması rayondakı işsizlərin sayının 113 nəfər azalmasına gətirib çıxara bilərdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünəməşğulluq proqramına cəlb olunanların biznes-planlarını təsdiqləsə də öz öhdəsinə düşən işləri tam icra etmədi, yaxud yarıtmaz icra etdi, nəticədə özünəməşğulluq proqramına cəlb olunanların maddi durumlarını daha da pisləşdirdi (Bax: Kasıbları bir az da müflis etməyin yeni yolu: Özünəməşğulluq proqramı! ) . Baxmayaraq ki, özünəməşğulluq proqramına qoşulmuş hər bir şəxsin şəxsi biznesinin yaradılması üçün dövlət 5 min manat pul ayırmışdı, sonda bu pul təyinatı üzrə xərclənmədi, vətəndaşlara isə ən yaxşı halda iki min manatlıq aktiv verildi. Kimə 3 min manat dəyərində aktiv verilibsə, çox güman ki o, əvvəlcədən min manat ödəniş etmişdir…

Bu gün Azərbaycan əhalisinin sosial təminatı qonşu ölkələrdən dəfələrlə aşağı səviyyədə olmaqla yanaşı, yalnız bəzi Afrika ölkələrindəkindən bir qədər yaxşı hesab edilə bilər. Son günlər minimum əmək haqqının, maaşların, pensiyaların, müavinətlərin bir qədər artırılmasının, problemli kreditlərlə bağlı dövlət tərəfindən edilən gecikmiş güzəştlərin əhalinin rifahının yaxşılaşmasına əhəmiyyətli təsir göstərəcəyi də inandırıcı görünmür. Əsas problem kütləvi işsizlikdir. İşsizlər ötən ilin dekabrında 40 qəpiyə aldıqları bir qutu siqareti bu gün 90 qəpiyə almalıdırlar. Amma hansı pul ilə alsınlar? Maaşlar, pensiyalar, müavinətlər bir az artdı, problemli bank kreditlərinə güşətlər tətbiq olundu, amma bunların işsizlərə nə dəxli ola bilər? Onlar nə maaş alırlar, nə müavinət, işsiz olduqlarına görə banklar da onlara kredit vermir. İşsizin dörd azyaşlı uşağı olsa belə, dövlət yenə ona ünvanlı sosial yardım verməyəcək, çünki ünvanlı sosial yardım işləyənlər üçün nəzərdə tutulub. Azərbaycandan başqa bəlkə Mozanbikdə, Somalidə belə şey ola bilər, amma heç bir sivil ölkədə aztəminatlı təqəbəyə dövlət tərəfindən bu qədər qəddar münasibət göstərilmir. Sosial təminatın yoxluğu səbəbindən, bütün müsəlman ölkələri arasında ən aşağı təbii artım Azərbaycandadır. Buna baxmayaraq, Azərbaycan hökuməti işsizliyi heç cürə azalda bilmir, çünki bu probleminin həll edilməsi istiqamətində heç bir iş görmür, o cümlədən, işsizlərə də müavinət verməkdən də yayınır. Vəziyyət belə çox davam edə bilməz təbii ki, ilin sonuna qədər ard-arda kütləvi narazılıqların baş verməsi mümkündür.

2 thoughts on “Şəki Məşğulluq Mərkəzinin direktor əvəzi: İş yoxdur, iş olmayıb və iş olmayacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.