Hindistanda Azərbaycanda baramaçılıq və ipəkçiliyin inkişaf perspektivlərinə dair məruzə dinlənilib

Hindistanın Maysore şəhərində Beynəlxalq İpəkçilik üzrə Komissiyanın təşkilatçılığı ilə İpəkçilik və Böcək Biotexnologiyaları üzrə Asiya-Sakit Okeanı VI Konqresin iclası keçirilib.

Dünyanın 30 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü təmsil edib.

Beynəlxalq tədbirdə məruzə ilə çıxış edən alim Azərbaycanın qədim ipəkçilik tarixi, İpək Yolu üzərində yerləşməsi, Şəki, Basqal, Şamaxı və Gəncə kimi qədim ipəkçilik əraziləri, həmçinin Şəki İpək Kombinatı, Qafqazda ən iri qrena istehsalçısı olan Göyçay zavodu barədə məlumat verib.

Qeyd edib ki, ötən əsrin 90-cı illərində bütün postsovet respublikalarında olduğu kimi Azərbaycanda da ipəkçilik sahəsində böhran yaranıb. O, sözügedən böhranın aradan qaldırılması və ipəkçiliyin əvvəlki əzəmətinə qaytarılması üçün ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu söyləyib.

Y.Şükürlü AMEA-nın bu sahə üzrə aparıcı təşkilatlarından olan ŞREM-in Dövlət Proqramı çərçivəsində həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib.

Bundan əlavə, “Verilən yemə salisil-aldemin əlavə etməklə tut ipək qurdunun hemolimfasında aminturşu tərkibinin dəyişdirilməsi” mövzusu üzrə aparılan elmi iş ətrafında müzakirələr aparılıb.

Azərbaycanlı alim daha sonra Maysore Mərkəzi İpəkçilik Tədqiqatları və Tədris İnstitutunun direktoru R.Teotianın dəvəti ilə sözügedən quruma səfər edib, gələcəkdə iki qurum arasında əməkdaşlığa dair müzakirə aparıb.

Mənbə:>>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.