Nəsiminin qəzəlinə məzəli video-rolik hazırlamış tibb işçiləri niyə işdən çıxarıldılar?

Deyilənə görə, daha doğrusu hamıya məlum olduğu kimi, xəstəxanalarda xadimə işinə düzəlməyin ən aşağı qiyməti 3 min manatdan başlayır. Yəqin elə bu səbəbdəndir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında nahar fasiləsi zamanı Nəsiminin qəzəlinə məzəli video-rolik hazırlamış 3 xadimə və 2 tibb bacısı dərhal işdən azad ediliblər. Nəticədə 5 boş iş yeri açılmış və bəzi adamlar üçün azı 15 min manat gəlir yeri yaranmışdır…

Olaydan dərhal sonra Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, «Şəki Mərkəzi Rayon Xəstəxanasında 1400 işçi çalışır. O 1400 işçinin müəssisə rəhbəri ilə hər hansı bir mübahisəli məsələsinə nazirlik qarışmalı deyil» . O bildirib ki, əgər işdən çıxarılan tibb işçisindən ərizəni baş həkim məcburi alıbsa və onlar, öz xoşları ilə ərizə yazmayıblarsa, o zaman məhkəməyə müraciət etməlidirlər: “Hüquqi dövlətdə yaşayırıq, Şəki Rayon Məhkəməsinə gedib deməlidir ki, məni haqsız işdən çıxarıblar. Məhkəmə qərar versə ki, o qadın etik davranış qaydalarını pozmayıb, onun ərizəsi məcburi alınıb, o qərarla da gəlib işə bərpa oluna bilər. Amma o xanım məhkəməyə müraciət etmək yerinə, televiziyalara üz tutub. Ona görə də əgər işə qayıtmaq istəyirsə birinci məhkəməyə getməlidir. Yox, əgər məşhur olmaq istəyirdisə, artıq məşhur oldu” .

Amma Pərviz Əbubəkirovun məsləhəti heç də tam deyil, bəzi əlavələrə ehtiyac var. Həmin əlavələri «İpəkçi» edəcək:

Bildirmək istəyirik ki, işdən çıxmaq ərizəsi iki cür yazılır. 1. Xahiş edirəm məni bu tarixdən işdən azad edəsiniz. 2. Xahiş edirəm məni işdən azad edəsiniz. Birinci halda işdən çıxmaq istəyən şəxs dərhal işdən azad edilir. İkinci halda isə müəyyən müddət ərzində; bu halda o, bir-iki gün sonra ərizəsindən imtina edə bilər. O ki qaldı məhkəməyə müraciət etmələrinə, xeyir, əvvəlcə Əmək Müfəttişliyinə müraciət etməlidirlər. Burada Əmək Məcəlləsinin pozulması halı var. 5 nəfərin eyni vaxtda işdən çıxarılması, Əmək məcəlləsinin pozulduğunu göstərir və bu işlə əmək müfəttişi məşğul olmalıdır.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.