Şəki qəssablarının 8 gün davam etmiş ümumşəhər tətili güzəştlər qarşılığında müvəqqəti dayandırıldı

Şəki qəssablarının 8 gün davam etmiş ümumşəhər tətili aprelin 4-də müvəqqəti dayandırılıb. «İpəkçi»-nin əldə etdiyi məlumatlara görə aidiyyəti olan orqanlar bəzi güzəştlərə getməyə məcbur olub. Məsələn, xırdabuynuzlu heyvanlar üçün «baytar pulu» 4 manatdan 2 manata endirilib. İndi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bütün Şəki rayonu üzrə heyvan kəsiminə icazə verilən yeganə sallaqxanada xırdabuynuzlu heyvanın kəsdirmə haqqı 8 manat, iribuynuzlu heyvanın kəsdirmə haqqı isə 20 manat olacaq. Qəssablar həmin sallaqxanada heyvanı özləri də kəsə bilərlər, bu zaman xırdabuynuzlu heyvan üçün cəmi 6 manat, iribuynuzlu heyvan üçün isə 15 manat ödəməlidirlər. Amma əsas problemlərdən biri – Qida Təhlükəsizliyi Agentliyinin Şəkidəki digər sallaqxanaların fəaliyyətlərinə «laboratoriya yoxdur» deyə, icazə verməməsidir, bu problem həllini tapmayıb hələ.

3 apreldə Qida Təhlükəsizliyi Agentliyinə rəsmi sorğu göndərərək məsələyə aydınlıq gətirilməsini xahiş etdik; bildirdik ki, «nəyə görə şəxsi sallaqxanalara laboratoriya tələbi irəli sürürsünüz? Hansı ölkədə qəssabların sallaqxanasında laboratoriya olur?» Bizə cavab verildi ki, «Mülkiyyət formasından asılı olmayaraq kəsim müəssisəsində dövlət baytarlıq nəzarəti təmin edilməlidir. Laboratoriya zəruri müayinələrin aparılması üçündür və bu tələb dünya standartlarına uyğundur». Cavab təbii ki bizi qane etmədi, odur ki təkrar sorğu göndərərək, bu cavabın dəqiqləşdirilməsini xahiş etdik. Bildirdik ki, «zəhmət olmasa laboratoriya ilə bağlı cavabınızı bir qədər dəqiqləşdirin. Qəssabın şəxsi sallaqxanasında laboratoriya olmalıdırmı? Dünyanın hansı ölkəsində görünüb ki, qəssab həm ət kəssin və həm də özü onu laborator müayinədən keçirsin? Biz Türkiyəni misal göstərdik. Qəssablar əti kəsəndən sonra baytarlıq xidmətinə müraciət edirlər, baytar həkim səyyar laboratoriyası ilə müraciət edilən ünvana gəlir, ətin yararlı olub-olmadığını yoxlayır. Başqa sözlə sallaqxanada laboratoriya olmalı deyil, laboratoriya xidmətini baytar icra etməlidir. Bu birbaşa sizin Agentliyin problemidir. Əgər Azərbaycanda sallaqxanalar üçün laboratoriya tələbi qoyulubsa, zəhmət olmasa, müvafiq qanunun, müvafiq bəndini göstərin». Bu sorğumuza hələlik cavab almamışıq.

Müllət vəkili Əli Məsimov

Şəkidən seçilmiş millət vəkili Əli Məsimov “İpəkçi”yə bildirdi ki,

Şəkidə ət kəsimi ilə bağlı  yaranan problemin birinci günüdən bu məsələ ilə bağlı köməkçim vasitəsi ilə yeni sallaqxananı işlədən Məzahirlə telefonla danışdım, dedim ki, ət kəsimi ilə bağlı qiyməti birdən-birə 2,5 dəfə artırmısız?! Belə artım dünya praktikasında görünməyib, ona görə də güzəştə getmək lazımdır. Normal, konstruktiv söhbətimiz oldu. Dedi ki elə həmin gün gedib qəssablarla danışıb güzəştlərin mahiyyətini  deyəcək. Sonra köməkçim öyrəndi ki, qəssablarla görüş oldu, amma yenə də qəssablar işə çıxmayıblar. Yaxşı ki, ilk müsbət nəticə artıq var. Vüsal müəllimin  isə orda baytar həkim Yaşar Süleymanovla  kompromisə gəlinməsi ilə bağlı söhbətləri olub. Bu haqda neçə gündür  məni məlumatlandırır. Dedim, Şəki çox populyar və ciddi turizm mərkəzidir. Kimsə pul qazanmaq üçün Şəkinin düz ortasında sallaqxana açıb, bu nə qədər münasib yerdir?! Həmin ərazilərdə  may-sentyabr ayları milçək əlindən dayanmaq olmayacaq;  bu da əlavə problemlər yarada bilər… Bu barədə düşünmək lazım. Bir də kəndlərdə heyvan kəsimi ilə  bağlı danışılıb. Bu ciddi analiz olunmalı və məqbul variant tapılmalıdır. Az qala Yevlaxa daha yaxın olan bir Şəki kəndindən qoyunu kəsmək üçün Şəkiyə gətirilməsini tələb etməyin adı sadəcə, gerizəkalılıqdır. Vüsal məni məlumatlandırır. Düşünürəm ki, hər iki tərəf qarşılıqlı güzəştə gedib, ortaq məxrəc tapsalar, ümumi işin  xeyrinə olar. Həm qayda-qanuna əməl olunar, həm də qayda-qanun yaradıcılıqla tətbiq olunar ki, heç kim narazı qalmasın. Şəhərli-kəndli 180 min əhali yaşayan və ona uyğun da ət kəsilən bir ərazidə bir sallaqxana azdır, işi çatdırmaq çox çətin olacaq. Ona görə də əlavə tədbirə də ehtiyac var. Məsələn, məndə olan məlumata görə  bir sıra qəssabların heyvan kəsdikləri yerlər yetərincə yaxşı vəziyyətdədir.  Həmin yerlərdən də istifadə etmək lazımdır.

Məlumat üçün əlavə edək ki, Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq həmçinin bildirilmişdir ki, «…respublikada müəyyən ərazidə fəaliyyət göstərən qəssabların toplaşaraq kəsim məntəqəsi yaratması kimi təcrübə də var». Qəssablar isə bildirirlər ki, onların şəxsi sallaqxanaları bütün standartlara cavab verir, amma öz sallaqxanalarında kəsdikləri heyvanın ətinə möhür vurulmur, bu yolla onların hamısını bir sallaqxanada ət kəsməyə məcbur edirlər. Bu iradlara cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən Mənsur Piriyev bildirdi ki, Şəki rayon baytarlıq xidmətinə müraciət etmək lazımdır.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.