Buxarada 5-6 aprel tarixdə Beynəlxalq İpəkçilik Komissiyası (BİK) İcraiyyə Komitəsinin növbəti yığıncağı keçirilib

İpəkçilik: yekunlaşdırma və perspektivlər

İcraiyyə komitəsi yığıncağı çərçivəsində təşkilatın 2018-ci ildəki fəaliyyəti təhlil edildi, o cümlədən, 2019-cu il üçün nəzərdə tutulan büdcəsi təsdiqləndi.

Bu böyük tədbirdə BİK Baş katibinin başçılığındakı nümayəndə heyəti, Hindistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini, həmçinin, BİK-in üzvü olan ölkələr – Hindistan, Yaponiya, Ruminiya, Banqladeş, Azərbaycan kimi dövlətlərin ipək sənayesi təşkilatlarının rəhbərləri iştirak etdi.

Bu təşkilat BMT tərəfindən qeydə alınmış hökumətlərarası təşkilatdır. Hal-hazırda Beynəlxalq İpəkçilik Komissiyasına 20 ölkə üzvdür.

Yığıncaq çərçivəsində “Özbekipəksənaət” assosiasiyası ilə Hindistan Toxumçuluq Nazirliyinin İpəkçilik üzrə mərkəzi şurası arasında anlaşma memorandumu imzalandı. Bu sənəd Özbəkistan ilə Hindistan arasında ipəkçilik sahəsində mövcud imkanlardan səmərəli faydalanmaqda, həmkarlıq əlaqələrinin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Tədbirdə Özbəkistan baramaçılığı, onun uğurları xüsusi vurğulandı. Ölkəmizdə son illərdə digər sahələr kimi baramaçılıqda da əhəmiyyətli islahatlar həyata keçirildi. Prezidentimiz tərəfindən baramaçılığın inkişafına aid 5 fərman və qərar, hökumətin müvafiq sənədləri qəbul edildi. Bunun sayəsində bu sahədə innovasion layihələr həyata keçirildi. Barama yetişdirən və xammalı emal edən müəssisələrə bir sıra güzəştlər verildi. Bugünkü gündə mənfəəti artan kümçülər bir ildə üç-dörd dəfə məhsul yetişdirmək təcrübəsi əldə etdilər.

“Özbekipəksənaət” assosiasiyasının rəisi Bəhram Şərifovun sözlərinə görə, baramaçılıq milli iqtisadiyyatın mühüm sektoru kimi davamlı inkişaf etməkdədir. Bu baxımdan ipək qurdu toxumçuluğu yaxşı qurulmuşdur, yem bazasının möhkəmləndirilməsi və ondan səmərəli faydalanmaq üsulları, ən etibarlı cəhəti bu sahədə 53 müəssisədə klaster sisteminin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb etməkdədir. Emal müəssisələrində müasir texnologiyalara əsaslanan yeni imkanlar tətbiq edilməkdədir. Bu sahənin eksport potensialının artırılması qarşılığında xeyli iş yerləri yaratmaq imkanı yaranır.

Tədbir çərçivəsində xarici qonaqlar “Bukhara Brilliant Silk”
şirkəti nümunəsində ölkəmizdə ipəkçilik sənayesinin inkişafı üçün tətbiq edilən güzəştlər, yerli sahibkarlar tərəfindən istehsal edilən məhsullar ilə tanış oldular.

Barama emal edən “Bukhara Brilliant Silk” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti qonaqlarda dərin təəssürat yaratdı.

Azərbaycan və Özbəkistan arasında hərtərəfli əlaqələr inkişaf edir, – dedi “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Nizami Qəribov . – Bu baramaçılıqda da böyük perspektiv deməkdir. Onu da deyim ki, ipəkçilikdə ölkəniz böyük uğurlara yetişib. Bu sahədə klaster sisteminin tətbiq edilməsi də mühüm amil olmaqdadır. Baramanı yetişdirməkdən başlayaraq, onu emal edərək xam ipək əldə edilməsinə qədər prosesi əhatə edən və bütün tərəflərin mənfəətini uyğunlaşdıran “texnoloji zəncir” bütünlüklə həyata keçirir. Adı çəkilən müəssisədə istehsal edilən ipək liflərə və parçaya bazarda təlabat var. Biz Özbəkistandakı klaster sistemi tətbiq etmək təcrübəsini özümüzdə tətbiq edəcəyik.

Özbəkistan Beynəlxalq İpəkçilik Komissiyasına 2017-ci ilin 20 sentyabrında üzv olub.

– Komissiya ilə “Özbekipəksənaət” assosiasiyası arasında həmkarlıq əlaqələri yaxşı qurulub, – dedi BİK-in Baş katibi R.Okxandiar. – Həmkarlıq çərçivəsində Hindistan və Çində təşkil edilən seminarlarda birliyin üzvü olan müəssisələrin adamları bacarıqlarını artırmaqdadır. Eyni zamanda müasir texnologiyaların tətbiq edilməsi, bu sahənin gücünün artırılmasına hesablanan əlavə layihələrin həyata keçirilməsi planları işlənilməkdədir. Bunların hamısı Özbəkistanı ipəkçilik sahəsi güclü inkişaf etmiş bir dövlətə çevirməyə xidmət edəcək.

Qonaqlar Buxaranın görməli yerləri ilə tanış oldular.

Erkin YODQOROV, Tahir İstətov (fotoşəkillər) ЎзА (Ўзбекистон Миллий ахборот агентлиги)

“Özbekipəksənaət” assosiasiyası mətbuat xidməti

Özbəkvədən çevirdi: Aydın Məmmədov

Mənbə: >>

Video: >>

Video: >>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.