Məşğulluq Mərkəzinin direktoru niyə intihar etdi?

Azərbaycanda əhalinin sosial durumu qonşu respublikalardan xeyli pis olmaqla yanaşı, hər gün daha da pisləşməkdədir. Sosial durumun yaxşılaşdırılması istiqamətində konkret heç bir iş görülmür – bütün layihələr ard-arda iflasa uğrayır. İlin əvvəlindən rəsmi KİV maaşların, pensiyaların artmasından danışırdı, amma heç deyən yox idi ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin ən azı yarısı işsizdir, bunlar nə maaş alırlar, nə də pensiya və işləyənlərin maaşları artanda, işləməyənlərin güzaranı daha da pisləşir. Avtobusa 20 qəpik gedişhaqqı verməyə imkanı olmayan işsizdən indi gediş üçün 30 qəpik tələb olunur; hardan versin?

Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada dövlət işsizlərə kömək etmək əvəzinə işsizlərin cibinə girir, işsizin ianə, yaxud borc aldığı sonuncu qəpiyini də cibindən çıxarmağa çalışır.

Ötən il elan olunmuşdu ki, 7 min nəfər özünəməşğulluq layihəsinə cəlb olunacaq və onların hər birinə 5 min manat dəyərində aktiv veriləcək. Yerlərdəki Məşğulluq Mərkəzlərinin direktorları bubaşdan 1000 manat istədilər. Aktivlər isə ən yaxşı halda 2-3 min manat dəyərində oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla da kifayətlənmədi, əksər hallarda birtərəfli qaydada biznes-planları pozdu, yanıbalalı inək əvəzinə vətəndaşa qısır inək verdi, yanıbalalı qoyun əvəzinə qısır və dişləri tökülmüş qoyunlar verdi və tələb etdi ki bunları iki il bəsləməlidir. Heç bir iş yeri açılmadı, aztəminatlı vətəndaşlar bir qəpik belə qazanmadılar, daha da müflisləşdilər.

Məsələ mediada geniş işıqlandırılsa da, hətta Milli Məclisə də gedib çıxsa da bunu edənlərin cəzalndığını görən olmadı. Yalnız bilirik ki, 5 gün öncə – avqustun 15-də Zaqatala Məşğulluq Mərkəzinin direktoru intihar edib…
Və bir də son bir ildə Məşğulluq Mərkəzlərindən bəzilərinin direktorlarının işdən çıxarılması, hətta həbs edilməsi barədə də məlumatımız var. Məsələn, bu ilin yanvar ayında Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov şübhəli şəxs qismində tutulmuşlar. Başqa sözlə yalnız ikinci dərəcəli şəxslər qurban verilir, əsas təşkilatçılar isə əvvəlki qaydada öz işlərində davam edirlər. Yuxarıdan göstəriş verilməsə, aşağıdakının nə həddi var ki, kimdənsə pul alıb iş düzəltsin? Və aşağıdakının nə həddi var ki, qayda-qanunla işləsin, yuxarıdan tələb olunan məbləği almadan kiməsə iş düzəltsin? Aşağıdakılar oyuncaqdan başqa bir şey deyillər, qərar vermək səlahiyyətləri yoxdur. Yuxarıdan nə qədər deyirlər, o qədər də alırlar… Hətta nazir Sahil Babayevin belə heç bir səlahiyyəti yoxdur. Siz ondan iş istəsəniz, deyəcək ki, istəyirsənsə zəng edim səni kommunxoza iş götürsünlər? Amma sən özün də kommunxoza zəng edib kiminsə işə götürülməsini xahiş etsən həmin adamı işə götürəcəklər. Başqa sözlə, nazir Sahil Babayevin bacardığı işi sən də bacarırsan. Sən bacarmadığın işi o da bacarmır. Elə isə ondan nəsə ummağın, onu nədəsə günahlandırmağın yeri yoxdur.

Bu il üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi biznes-paketləri daha da sərtləşdirib. İndi nazirlikdən inək alıb baxmaq istəyənlərin aylıq qazancı 500 manatdan az olmamalıdır. Sual oluna bilər, bu biznes paketi hansı sarsaq tərtib edib? Aylıq 500 manat qazancı olan vətəndaşa dövlət niyə yardım etməlidir axı? Amma yox, vəziyyət heç də göründüyü kimi sadə deyil və biznes-paketi tərtib edən şəxs də heç də sarsaq deyil, əslində çox ağıllı adamdır; bilir ki yalnız ayda 500 manat qazancı olan adam əvvəlcədən 1000 manat “ödəniş” edə bilər.

Hər il Azərbaycanda 10 minlərlə tələbə ali təhsil diplomuna yiyələnir. Bunların öz ixtisaslarına uyğun iş tapmaları üçün 3 yol var: 1) day-day; 2) azı 5 min manat rüşvət vermək. 3) dövlət qulluğuna qəbul üçün imtahan vermək və yaxşı nəticə göstərmək.

Məşğulluq Mərkəzinə iş üçün müraciət edən və cibində 5 mini olmayan istənilən ali təhsilli şəxsə konkret bir cavab verilir: bizdə 180 manat maaşla yol süpürmək, yer belləmək kimi işlərdən başqa heç bir iş yoxdur. İxtisasına uyğun iş istəyirsənsə Dövlət qulluğuna qəbul üçün dövlət rüsumunu ödə, imtahan ver, bəlkə işlə təmin olundun, başqa yol yoxdur. Gördüyünüz kimi Azərbaycanda dövlət işsizin cibinə girir, iş üçün müraciət edən işsizə, konkret heç nə vəd etmədən ondan 70 manat qoparmağa çalışır.

Ünvanlı yardımın və işsizliyə görə müavinətin isə şərtləri elədir ki, aztəminatlıların və işsizlərin yalnız 0.1 faizi bu imkandan yararlana bilər, ya yox. Məsələn, zibil maşının sürücüsünə ünvanlı sosial yardım verilə bilməz, çünki adına “dovernus” var. İşdən çıxsa isə yenə də ona ünvanlı sösial yardım düşmür, çünki işləmir. Başqa bir misal, müdir səni çağırıb tələb edir ki, öz ərizənlə işdən çıx. Sən də ərizə yazmırsan. Bilirsən ki öz xahişi ilə işdən çıxsan işsizliyə görə müavinət ala bilməyəcəksən. Müdir əsəbləşir, səni işdə yol verdiyin nöqsanlara görə işdən çıxarır. Bu halda yenə də işsizliyə görə müavinət ala bilməyəcəksən amma. Çünki işsizliyə görə müavinət yalnız ixtisara düşənlərə və iş yeri bağlananlara verilə bilər. Əmək müqaviləsinin bitməsinə görə işdən azad olunanlara da işsizlik müavinəti veürilmir.

Dövlətimiz ikinci ildir ki, işləyənlərin maaşlarından işsizlərə yardım adı ilə vergi tutur. Bu vergi əsasında məşğulluq proqramları maliyələşir, işsizlik müavinətləri verilir. Amma sonda isə məlum olur ki, digər vergilər kimi, bu vergi də təyinatı üzrə istifadə edilmir, kimlərinsə cibinə gedir.

Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik, ümidvarıq ki bu istiqamətdə tezliklə əsaslı dəyişikliklər baş verəcək.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.