- Digər xəbər və məqalələr

20 yanvar günü “Sabit Orucov” gəmisindən SOS siqnallarını kim göndərirdi?

1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir. SSRİ Müdafiə Nazirliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər.

20 yanvar deputat istintaq komissiyasının məlumatlarında göstərilir ki, yanvarın 19-dan 20-nə keçən gecə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodkiyə yola salınmalı imiş. Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər. Odur ki, yanvarın 20-i erməni qaçqınların yerləşdiyi gəmi Krasnovodskiyə doğru hərəkət etmək istəyərkən onların qarşısını mülki Azərbaycan gəmiləri kəsir. Bu aksiya təqribən iki saat çəkir. Gəmilər fasiləsiz fit səsləri ilə şəhəri lərzəyə salır.

Rasim Məsimov, 20 yanva faciəsi zamanı, “Sabit Orucov” gəmisindən SOS siqnalları göndərmiş radist.

Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə qoyaraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar.

“Sabit Orucov” gəmisi SOS siqnalı ilə bütün dünyaya faciə barədə məlumat verirdi. Gəminin öz radisti rus millətindən olduğuna görə ona etibar edilməmiş, başqa gəmidən Rasim Məsimovu “Sabit Orucov” gəmisinə dəvət edərək ondan SOS siqnalları göndərmək xahiş edilmişdi.

Yanvarın 21-də saat 20.30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər sovet hərbi dəniz qüvvələri ilə əliyalın, qeyri-bərabər mübarizəyə girişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi surətdə zədələndi. Bu aksiyada iştirak edən Azərbaycan gəmilərinin heyəti isə həbs edildi.

Aydın Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.