- İpəkçilik, Tədbirlər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları aprelin 7-dən 12-dək Gürcüstanın Batumi şəhərində keçirilən “İpəkçiliyin qorunması və bərpasına dəvət – problemlər və perspektivlər – SERİVİVAL-2019” tədbiri çərçivəsində Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya İpək Assosiasiyasının (BACSA) 9-cu beynəlxalq konfransında iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü məlumat verib.

ŞREM-in direktoru bildirib ki, Gürcüstanın Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Acarıstan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və BACSA-ya üzv dövlətlərin nümayəndələrinin iştirak etdiyi konfransda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionlarında ipəkçiliyin inkişafına dair məsələlər müzakirə edilib.

Konfransda diqqətə çatdırılıb ki, dünyada ipəkçiliklə məşğul olan 40-dan çox ölkənin 90 faizi hazırda bu istehsal sahəsini qoruyub saxlamağa çalışır. Bu ölkələrdən yalnız bəzilərində ipəkçiliyin dirçəldilməsinə səylər göstərilir. Hətta dünyanın ən böyük barama istehsalçıları olan Çin, Hindistan, Özbəkistan kimi ölkələrdə belə ipəkçilik fəaliyyətinin qismən və ya tamamilə dayandırılması prosesi gedir. Əgər bu istehsal sahəsinə diqqət gücləndirilməsə, dünyanın bir çox regionlarında ipəkçilik tamamilə yox ola bilər. Məhz ona görə də konfransın əsas mövzusu tut tinginin əkininə, ipəkqurdu yetişdirilməsinə, barama və ipək istehsalına, ipəkqurdu və yem bitkilərinin patologiyalarına, damazlıq və bakteriologiya sahəsində tədqiqatlara həsr olunub. Konfransda ipəkdən qeyri-toxuculuq – smart materiallar alınması perspektivləri və texnologiyalarına, ipək müəssisələrinin və ticarətinin inkişafına həsr olunmuş məruzələrə geniş yer verilib.

ŞREM-in direktoru, BACSA-nın Azərbaycan üzrə əlaqələndiricisi Yusif Şükürlü və Mərkəzin elmi işçisi Zərintac Şükürovanın “Fibroin sapın fizetinlə boyanmasının bütün üç mərhələsində fizetin molekullarının sapa diffuziyası kinetikası”, Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri Qüdrət Bəkirov və Zərintac Şükürovanın “Yeni ipəkqurdu cins və hibridlərinin seleksiyası”, “Ekoloji cəhətdən təmiz və davamlıqlı tut bitkisi növlərini müəyyən etmək üçün istehsalat təcrübələrinin nəticələri” adlı təqdimatları dinlənilib.

Beynəlxalq konfransın müzakirələrində Azərbaycan nümayəndə heyətinin tərkibində Gəncə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi Namiq Həsənov və Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı Gülnar Bağırova da iştirak ediblər.

Konfransın gündəliyinə uyğun olaraq, iştirakçılar Batuminin məşhur “Botanika bağı”na ekskursiya edib, bağdakı nadir tropik və subtropik bitkilərlə tanış olublar.

Mustafa Dadaşov

Mənbə: >>

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.