- Digər xəbər və məqalələr

Şəki şəhərinin su təchizatının yenidən qurulması zamanı smart, yoxsa mexaniki sayğaclar quraşdırılmalıdır?

“Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq, – bunalr “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin saytında yazılıb. Layihənin nə vaxtdan həyata keçirilməsi barədə isə məlumat verilmir. İnternetdə yalnız tapa bildik ki, 19 mart 2011-ci il tarixdə AZƏRTAC məlumat yayıb ki, “Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı tərəfindən maliyyələşdirilən…. Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir “.

19 mart 2019-cu il tarixdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin saytında və Report.az saytında əlavə məlumat verilir ki, “layihənin birinci mərhələsində əhalini  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.

Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

10 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən növbəti dəfə 25,0 (iyirmi beş) milyon manat ayrıldı.

19 iyul 2019-cu il tarixdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icra vəziyyəti ilə tanış olarkən.

Lakin nə “Azərsu” ASC-nin saytında, nə rəsmi sərəncamlarda abonentlər üçün smart, yoxsa mexaniki tiplu sayğacların quraşdırılmalı olduğu barədə məlumat verilmir. Vətəndaşların bununla bağlı “Azərsu” ASC-yə sorğuları da cavabsız qalıb. Bu səbəbdən şübhələr yaranıb ki, layihədə smart tipli sayğacların quraşdırılması nəzərdə tutulmuş, lakin abonentlər üçün ondan 10 dəfə ucuz qiymətdə olan mexaniki sayğaclar quraşdırılmışdır və bu yolla dövlət vəsaiti, xarici qrantlar mənimsənilmişdir.

Şübhələr öz yerində, “İpəkçi” məlumatlar əldə etmişdir ki, “Azərsu” ASC sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün smart tipli sayğaclar quraşdırmalıdır, lakin bu baş vermir, əvəzində sahibkarlıqla məşğul olan fiziki şəxslərdən 900 manat pul tələb edilir. Kim 500 manat verirsə, buna da razı olurlar…

Aydın Məmmədov

Əlavə:
“Azərsu” ASC-nə: Məlumat üçün bildiririk ki, “İpəkçi” qəzetinin saytında “Şəki şəhərinin su təchizatının yenidən qurulması zamanı smart, yoxsa mexaniki sayğaclar quraşdırılmalıdır?” başlıqlı yazı dərc etmişik. Məqalədə sizin ASC-nin Şəkidə gördüyü işlər barədə məlumat verilib, sonda Şəki şəhərinin su təchizatının yenidən qurulması zamanı smart, yoxsa mexaniki sayğacların quraşdırılmalı olduğu barədə sual cavabsız saxlanılıb, çünki məlumat tapa bilmədik. Mümkünsə, bu suala cavab verəsiniz. Həmçinin məqalədə qeyri-qanuni olaraq sahibkarlıqla məşğul olan fiziki şəxslərdən sayğac üçün 900 manat pul tələb edildiyini də göstərmişik. Bunu da yoxlayıb, nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik. Məqaləni bu linkdən oxuya bilərsiniz: http://ipekchi.info/2019/10/03/s%c9%99ki-s%c9%99h%c9%99rinin-su-t%c9%99chizatinin-yenid%c9%99n-qurulmasi-zamani-smart-yoxsa-mexaniki-saygaclar-qurasdirilmalidir/
Hörmətlə, Aydın Məmmədov, “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin baş redaktoru.

Əlavə:

Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinisədri cənab Fərhad Abdullayevə

Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova

Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədova

surəti:    “Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynova

Şəki, M.F.Axundov pr. 3B ünvanda yaşayan Hüseynbəyli Nəbi Məmməd oğlu tərəfindən

                                                 Ə  R  İ  Z  Ə

          Hörmətli cənab Fərhad Abdullayev!

          Hörmətli cənab Əli Əsədov!

          Hörmətli cənab Oqtay Əsədov!

          Mən, xeyli zamandır “Azərsu” ASC-nin rəhbəri Q.Hüseynova dəfələrlə müraciət edərək Şəkidə su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar Dövlət Proqramına əsasən sayğaclama işləri zamanı fərdi yaşayış evlərinə hansı növ sayğac quraşdırılması barədə məlumat verilməsini xahiş etmişəm.

          Cavab almadığımı gördükdə artıq iki dəfə Sizə müraciət etməyə məcbur olmuşam. Lakin uzun müddətdir ki, nə Sizdən bir cavab ala bilirəm, nə də “Azərsu” ASC-dən. Bir daha xatırladıram ki, “Vətəndaşların Müraciətlərinə Baxılması Haqqında” Azərbaycan Respublikasının qanunu var. Ancaq həmin qanunun “Azərsu” ASC-də qüvvədə olması barədə də dəqiq məlumatım yoxdur. Çünki, “Azərsu” ASC-dən heç bir cavab ala bilmirəm, baxmayaraq ki, ancaq Konstitutsiya Məhkəməsindən müraciətimin cavablandırılması üçün ərizəmin “Azərsu” ASC-nə göndərildiyi barədə cavab məktubu almışam.

         Çox təəssüflər olsun ki, bu barədə Baş Nazir cənab Novruz Məmmədova və Milli Məclisin sədri cənab Oqtay Əsədova ünvanladığım müraciətlərim də cavabsız qalmışdır.

         -Çox maraqlıdır! Mən Sizdən və “Azərsu” ASC-dən nə istəyirəm ki, belə çətinlik yaranmışdır?

          -Sadəcə sorğuma cavab istəyirəm, başqa qiymətli bir əşya və ya həlli çətin əmələ gələn bir problemin həlli barədə bir şey xahiş etmirəm ki?

           -Yəni, vətəndaşın cəmi bir sorğusuna cavab vermək belə bir çətin işdir?

           Hörmətli cənab Fərhad Abdullayev!

           Hörmətli cənab Əli Əsədov!

           Hörmətli cənab Oqtay Əsədov!

           Tutaq ki, “Azərsu” ASC vətəndaşı saymır və sorğusuna da cavab vermək istəmir. Bəs onda mənə yazılan cavabda gördüyüm kimi Konstitutsiya Məhkəməsinin onlara ünvanladığı məktubu da nəzərə alıb mənə cavab verməməsini nə ilə izah etmək olar:

           -“Azərsu” ASC Konstitutsiya Məhkəməsini də saymır, yoxsa Şəkidə gedən sayğac alverindən əl çəkmək istəmir?

           Hər-halda bir vətəndaş kimi sorğu verməyə hüququm olduğunu nəzərə almağınızı bir daha Sizdən xahiş edirəm.

           Hörmətlə:                          N.M.Hüseynbəyli.

                                                           16.10.2019.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.