- «ASK» ASC, Şəki ipək kombinatı

Kamran Nəbizadə Şəki İpək kombinatı haqqında nə dedi?

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) fəaliyyətə başlamasının ikinci ili münasibəti ilə Korporasiyanın baş direktoru Kamran Nəbizadə qurumun gördüyü işlər, həyata keçirdiyi layihələr və perspektivlər barədə Noyabrın 8-də AZƏRTAC-a verdiyi müsahibəsində Şəki İpək kombinatı və respublikada ipəkçiliyin vəziyyəti barədə aşağıdakıları demişdir:

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası və inkişaf etdirilməsi kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və Korporasiyanın törəmə müəssisə olan “Azəripək” MMC də bu istiqamətə əsaslanaraq fəaliyyət göstərir.

Belə ki, müvafiq dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və kümçülərin birgə fəaliyyəti ilə görülən tədbirlər nəticəsində respublikamızın 38 rayonunda təşkil edilmiş barama istehsalı ilbəil artırılıb, 2019-cu ildə 641 ton yaş barama istehsal edilib. Cari ildə istehsal olunan yaş barama “Azəripək” MMC-nin mütəxəssisləri tərəfindən, Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətlərinin dəstəyi ilə yerlərdə operativ şəkildə qəbul olunub, qısa müddətdə itkisiz daşınaraq müəssisəyə gətirilib, baramanın ilkin emalı prosesi həyata keçirilib, qurudularaq anbarlara yığılıb. 2019-cu ildə 5565 fermerdən tədarük olunmuş yaş baramanın müqabilində ümumilikdə 2 milyon 500 min manatdan artıq vəsait “Azəripək” MMC tərəfindən kümçülərin hesablarına tam köçürülüb.

Əlbəttə ki, yaş barama istehsalının artım dinamikasına uyğun olaraq onun emal infrastrukturunun da yaradılması və sahənin rentabelliyinin artırılması da qarşımızda duran əsas vəzifələrdəndir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən bu istiqamətdə də zəruri tədbirlər həyata keçirilir.

Cari ilin proqnozuna uyğun olaraq, yaş baramanın qəbulu və emalı üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən hələ keçən ilin sonlarından müvafiq infrastrukturun yaradılmasına başlanılıb. Belə ki, mövcud baramaboğan avadanlıqları əsaslı təmir edilib, iki ədəd yeni baramaboğan avadanlığı, bir ədəd 10 tonluq buxar qazanı alınıb və müəssisədə quraşdırılaraq istifadəyə verilib. Bundan əlavə tədarük olunan yaş baramanın qurudulması üçün yeni tərəcələr quraşdırılıb, iki ədəd yük daşıyan lift əsaslı təmir olunub, qurudulmuş baramanın saxlanması üçün xüsusi anbar yaradılıb.

Eyni zamanda, növbəti illərdə istehsal olunacaq yaş baramanın gözlənilən artım həcmi nəzərə alınaraq Şəki şəhərində 1,6 hektar torpaq sahəsində yeni Barama tədarükü və emalı məntəqəsinin yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihələndirmə sənədləri hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.