- Digər xəbər və məqalələr

İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı işsizlərin Konstitusiya hüquqlarının pozulması ilə bağlı aidiyyəti olan şəxslərə müraciət göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayevə,
Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanovaya.


İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı adından


Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinin pozulması ilə bağlı etiraz


Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinə görə işsizlərə dövlətdən sosial müavinət almaq hüququ verilsə də bu hüquq Konstitusiyaya zidd olaraq 2018-ci ilədək məhdudlaşdırılmış, 2019-cu ildə isə yenə Konstitusiyaya zidd olaraq ləğv edilmişdir. Hal-hazırda işsiz statusuna malik 70 mindən çox işsizin heç biri dövlətdən sosial müavinət almır. Onlardan yalnız az bir hissəsi işsizlik sığortası alır ki, bu da daimi deyil, işsizlərin işlə təmin olunub-olunmamasından asılı olmayaraq qısa müddətdən sonra dayandırılacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinin hüquqi nöqteyi-nəzərdən və mahiyyəti üzrə yalnız bir izahı var: dövlət ya işsiz statusu verdiyi vətəndaşını işlə təmin etməlidir, ya da işlə təmin edə bilmirsə onda ona sosial müavinət verməlidir. Bəndin ikinci bir izahı yoxdur, heç bir özünə hörmət edən hüquqşünas, siyasi xadim, dövlət məmuru həmin bəndi başqa cür yoza bilməz və yozmağa cəhd də etməz!

Hər bir işçinin maaşından işsizlik sığortası adı ilə vergi tutulsa da, işçi işsiz qaldıqda dövlət ona maddi yardım göstərmir. İşsizlikdən Sığorta Fondunun vəsaiti dövlətin yox, yalnız işəgötürənlərin və işçilərin ödəmələri hesabına formalaşdırılsa da, bu vəsaitin çox az hissəsi işsiz statusu daşıyan şəxslərə işsizlik sığortası verilməsinə, əhəmiyyətli hissəsi isə Dövlət Məşğulluq Xidmətinin, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin saxlanmasına və Dövlət özünüməşğulluq proqramının maliyyəşədirilməsinə yönəldilir. Mövcud qanunvericiliyə görə öz xahişi ilə işdən çıxanlar, müdirin istəyi ilə işdən azad edilənlər, əmək müqaviləsi müddəti bitdiyinə görə işdən azad olunanlar işsizlik sığortası ala bilməzlər. Başqa sözlə işini itirənlərin 99 %-i işsizlik sığortası ala bilməz! Heç yerdə işləməmiş şəxslər isə dövlətdən işsizliyə görə müavinət ala bilmədikləri kimi, işsizlik sığortası da ala bilməzlər. Bu Azərbaycan xalqının ələ salınmasıdır və Azərbaycan Respublikası Konstitusiyasının kobud şəkildə pozulmasıdır! İşsizliyin azaldılması üçün həyata keçirilən Özünəməşğulluq layihəsi isə mahiyyəti üzrə aylıq qazancı 500 manat olan imkanlı şəxslər üçün nəzərdə tutulduğundan işsizlər bu imkandan da yararlana bilməzlər. Məşğulluq mərkəzlərinin, xidmətlərinin işsizlərə verdiyi yeni iş yerlərinə göndərişləri də formal xarakter daşıyır, biz yalnız göndəriş verə bilərik deyirlər, başqa heç nə edə bilmərik, sizi işə götürüb-götürməmək işəgötürənin hüququdur. Ali təhsilli işsizləri əksər hallarda Dövlət qulluğuna qəbul üçün imtahan verməyə istiqamətləndirirlər ki, işsizin bu yollla işə düzəlmə şansı çox az olsa da 100 manata yaxın rüsum ödəməsi məcburidir. Başqa sözlə, dövlət heç bir gəliri olmayan işsizlərə maddi kömək etmək əvəzinə, onlardan ödəniş tələb edir?!

İşsizliyin azaldılması istiqamətində dövlət tərəfindən həyata keçirildiyi elan edilən tədbirlər qeyri-qənaətbəxşdir, əvəzində son bir ildə işsiz statusu daşıyan vətəndaşların sayı iki dəfə artmışdır. Rəsmi işsizlərin sayının artmasına görə bu il Azərbaycan MDB məkanında birinci yerdədir.

Azərbaycanda rəsmən işsiz kimi qeydiyyata düşənlərin sayı 2019-cu ildə iki dəfə artıb; dinamikaya görə Azərbaycan Respublikası MDB məkanında 1-ci yeri tutur.


Bu müraciətimizlə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VII bəndinin pozulmasına etirazımızı bildiririk. Ümid edirik ki, müraciətimizdən dərhal sonra işsizlərin Konustitusiya hüquqlarını məhdudlaşdırmaqda olan qüvvədə olan qanunvericilikdə müvafiq dəyişikliklər ediləcəkdir.


Hörmətlə, İşsizlərin Hüquqlarının Müdafiəsi Təşkilatı;

Aydın Məmmədov, Sadıq Fətəliyev, Hafiz Babalı, Sahib Kərimli, Samir Zamanov, Osman Elfetov, Pünhan Musayev və digər şəxslər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.