Şəki ipək kombinatı demək olar ki yenə də işləmir

Dərc edildi:
Şərhlər 1

Respublikada barama tədarükünün nəticələri barədə iyul ayında hazırladığımız yazıda məlumat vermişdik ki, «Azərbaycan Sənaye Korporasiyası» ASC öz mülkiyyətində olan Şəki ipək kombinatındakı baramaaçan istehsalatının fəaliyyətini bərpa etməyə tələsmir, əldə etdiyimiz məlumatlara görə istehsalatın fəaliyyəti yalnız avqust ayında, avqust ayının sonuna qədər bərpa edilə bilər (Bax: >>) .

Həqiqətən də Şəki ipək kombinatının baramaaçan istehsalatı yalnız avqustun ortalarında işə düşdü. Əvvəlcə istehsalatın barama çeşidləyici sexi, sonra isə istehsalatın özü. Artıq bir həftəyə yaxındır ki baramaaaçan istehsalatı fəaliyyətdədir, amma hələlik yalnız avtomat dəzgahlar işə salınıb, istehsalat tam gücü ilə işləmir. Çeşidləyici sexdə 20-30 nəfər, istehsalatın özündə isə cəmi 40-50 nəfər işlə təmin olunub.

Məlumat üçün əlavə edək ki, Şəki ipək kombinatının baramaaçan istehsalatı bu il yanvar ayının 15-də baramanın tükənməsi səbəbindən dayanmışdır. Və istehsalatın 250-300 nəfər işçisi heç bir sığorta və kompensasiya ödənilmədən «öz hesablarına» məzuniyyətə göndərilmişdir. Bundan 2 həftə sonra isə hazır məhsulun satılmaması səbəbindən bütün kombinat dayandı və daha 250 nəfərədək işçi də heç bir sığorta və kompensasiya ödənilmədən «öz hesablarına» məzuniyyətə göndərildi.

Baramaaçan istehsalatının nə vaxt tam gücü ilə işləyəcəyi barədə sualımıza «Azəripək» MMC-nin maliyyə işləri üzrə drektoru Müzəffər Umarov cavab vermədi. Amma bildirdi ki, digər sex və istehsalatların işçilərindən fərqli olaraq, baramaaçan istehsalatının işçiləri öz hesablarına məzuniyyətə göndərilməyiblər, onların hamısı «Şəki-İpək» ASC-nin buraxılması istiqamatində işdən azad ediliblər.

Baramaaçan istehsalatının illik gücü 135 ton ipəkdir. Bu qədər ipəyin əldə edilməsi üçün isə 1000 ton yaş barama tələb olunur. Bu il respublikada yaş barama istehsalı iki dəfəyə yaxın artaraq 513,925 tona çatsa da, bu baramaaçan istehsalatının xammala olan tələbatının yalnız yarısına bərabərdir.

«Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadənin «İpəkçi» qəzetinə yazdığı məktubdan aydın olur ki, bu il əldə olunacaq 53 ton ipəyin azı 50 tonunun satılması, yerdə qalan hissəsindən isə 15 min ədəd kəlağayı istehsal edilməsi planlaşdırılıb. Bu isə o deməkdir ki, kombinatın toxucu istehsalatı və burucu sexi, hansılar ki bu il fevral ayının 1-dən etibarən dayanıblar, işçiləri – 200-250 nəfər isə öz hesablarına məzuniyyətə göndəriliblər, həmin istehsalat və sex bundan sonra cəmi iki ay işləyəcək, sonra isə yenidən dayanacaqdır. Belə ki 15 min kəlağayının istehsal edilməsi üçün həmin istehsalat və sexin cəmi iki ay işləməsi kifayət edir.

Dərc edən:

Şərhlər

  1. Saitin dizayni əla. Barama açan sexin işə düşməsi əla oldu sənində zəhmətin az olmayıb.

Bu yazı üçün şərh yazma müddəti bitdi.

ILK-10