Şəkidə işsizlərin sayı saxta yollarla necə azaldılır?

Dərc edildi:
Şərhlər 0

Əvvəlki məqaləmizdə rəsmi statistik məlumatlara əsaslanaraq Şəkidə sənayenin iflic vəziyyətində olduğunu göstərdik (Bax: Şəkidə sənayenin iflic vəziyyətində olması rəsmi statistikada >> ) .

Şəki şəhərində fabrik-zavodlar işləmir, onlardan bəziləri sovetdən qalanlardırsa, uçub dağılıb, içindəki avadanlıqlar isə heç nəyə yaramırsa, bəziləri təzədir və modern avadanlığa malikdir, amma işləmir, daha doğrusu işləməsinə imkan verilmir. Nəticədə iş yerləri azalır, işləyənlərin sayı da o cümlədən.

Kənd təsərrüfatında da vəziyyət yaxşı deyil. Kəndlilər sürətlə torpaqsızlaşdıdırılır. 2017-ci ildə fermerlərə bir qram güzəştli gübrə verilməyib, imkanı olan gedib iki qat baha qiymətə bazardan aldı, imkanı olmayan isə ala bilmədi, məhsulu zay oldu.

İşsizlik, iş yerləri yox, işsizlərin sosial təminatı yox, aztəminatlıların sosial təminatı yox, işi olanlar da güzərandan narazıdır.

Hələlik rayon rəhbərliyi sosial gərginliyi müvəffəqiyyətlə nəzarətdə saxlaya bilir. Ötən il Dovşan düzündə baş verənlər, bu ilin 1 apreldə baş verənlər və s. Amma heç bir qarantiya yoxdur ki, bu belə davam edəcəkdir, iş yerləri açılmasa.

İndi isə sənayesi iflic vəziyyətində olan şəhərdə işsizlik probleminin necə həll edilməsi üzərində dayanmaq istəyirik. Lakin bəri başdan deyək ki, Şəkidə işsizlik probleminin aradan qaldırılması istiqamətində hansısa bir tədbirin görüldüyünü görmədik, əvəzində bu problemin gündən-günə daha da dərinləşdirildiyini gördük.

Təxmini hesablamalarımıza görə Şəki şəhərində əmək qabiliyyətli əhalinin azı 10 min nəfəri işsizdir. Lakin Şəki Rayon Məşğulluq Xidmətindən redaksiyamıza rəsmən bildirildi ki, 1 sentyabr 2018-ci il tarixdə bu qurum tərəfindən bütün Şəki rayonu üzrə cəmi 310 nəfər işsiz, 2836 nəfər isə işaxtaran qeydə alınıb. Bu gün üçün cəmi 17 nəfərə işsizlik sığortası verilir. Neçə nəfərə işsizliyə görə müavinət verilir bəs? – bu sualımıza Şəki Rayon Məşğulluq Xidmətindən rəsmən cavab ala bilməsək də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizə şifahi olaraq bildirildi ki, İşsizlikdən sığorta haqqında qanunun qüvvəyə minməsi ilə işsizlik müavinəti haqqında qaydalar qüvvədən düşüb və hal-hazırda heç kimə işsizliyə görə müavinət verilmir. O zaman sual etdik ki, əgər belədirsə, bəs nəyə görə Dövlət Məşğulluq Xidmətinin saytında işsizlik müavinətinin verilməsinin şərtlərindən bəhs olunur? İradımızı yoxlayıb təsdiq etdikdən sonra bildirdilər ki, həmin sayt işləmir və yenilənmir. Amma əslində sayt gündəlik yenilənirdi…

Bizdə olan məlumatlara görə Şəki rayonu üzrə 2014-cü ildə 22, 2015-ci ildə 54, 2016-cı ilin birinci rübündə 79 nəfər işsizlik müavinəti alıb. Bundan sonra nazirlikdən yerlərdəki qurumlarına heç kimə işsizlik müavinəti verməmək haqqında göstəriş verilib: nə yolla bacarırsan et, yalandan and iç, istənilən saxtakarlığa get, amma elə et ki heç kim qanunla nəzərdə tutulmuş işsizlik müavinətini ala bilməsin, fondda pul yoxdur, – deyiblər.

Rayon Məşğulluq Xidmətində etiraf edirlər ki, rayonda heç bir iş yeri yoxdur, heç bir yeni iş yeri açılmayıb, son 3 ay ərzində cəmi bir işsizə göndəriş verilib və o, fəhlə işi ilə təmin olunub, vəssalam!

İşsizləri qeydə almaqdan ən şərəfsiz metodlarla yayınırlar. Məsələn siz ali təhsillisinizsə və işsiz kimi qeydə alınmaqda təkid edirsinizsə, sizə 2 saxta iş təklif edəcəklər; bunlardan biri, məsələn “Hüquq nəzarəti” adlı rekert qəzet ola bilər. Belə bir qəzetin olduğunu və işçi axtardığını isə onlar etiraf edirlər ki, yoldan ötən bir nəfərin ağzından eşidiblər. Sizə deyəcəklər idarələrdən pul yığıb, ayda 50 manat qəzetin redaktoruna verməlisən, maaş yoxdur. Siz də cavab verəcəksiniz ki, mən iş axtarıram, pul verməyə adam axtarmıram. Deyəcəklər onda, rəsmən imtina et, sənə başqa iş təklif edək. Heç nədən şübhələnməyərək, yazacaqsınız maaşı olmadığına görə imtina edirəm. Vəssalam, bundan sonra sizə bir daha iş təklif etsələr, qulağınızın dibini görə bilərsiniz! Bununla da sizin işsiz kimi qeydə alınmağınızın qarşısını aldılar. Nazirliyə yazacaqlar ki, guya sizə “Hüquq nəzarəti” yox, “Hüquq” qəzetində 200 manat maaşı olan iş təklif ediblərmiş, siz isə guya maaşı az olduğuna görə həmin işdən imtina edibsinizmiş. Siz artıq işsiz deyilsiniz, ən yaxşı halda işaxtaran ola bilərsiniz…

İstər işsizlik müavinəti olsun, istərsə də işsizlik sığortası, bunların şərtləri elədir ki, işsizlərin yalnız 0,001% faizinə şamil oluna bilər. Yəni bunlar işsizlərə kömək üçün deyil, sadəcə, görüntü yaratmaq üçündür, guya Azərbaycan sosial yönümlü dövlətdir, guya Avropada, ABŞ-da və s. dövlətlərdə olduğu kimi Azərbaycanda da işsizlər dövlət qayğısı ilə təmin olunurlar… İşsizliyə görə müavinət deyirlər ləğv olunub, odur ki onun üzərində dayanmaq istəmirik, yalnız işsizlik sığortasından danışmaq istəyirik:

Əgər 3 il əmək stajınız varsa, sonuncu iş yerinizdən öz xahişinizlə çıxmamısınızsa, iş yeriniz bağlanıb, yaxud iş ştatınız ixtisara düşübsə, siz işsizlik sığortası ala bilərsiniz. Amma Şəki Rayon Məşğulluq Xidmətinə gedib işsizlik sığortası almaq istədiyinizi bildirsəniz, sizə deyəcəklər yox, düşmür. Amma əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəniz, cəmi bir neçə gündən sonra sizi Şəki Rayon Məşğulluq Xidmətinə dəvət edəcəklər və 2 iş təklif edəcəklər. Nə iş təklif edəcəklər, bunu artıq yuxarıda yazmışıq. Amma sizə göndəriş verə bilməyəcəklər, çünki təklif etdikləri iş saxtadır, elə iş yoxdur. İşdi-şayət, göndəriş versələr, qəbul edin, hara göndərilərsə, gedin. Sonda yenə sizi heç kim işə götürməyəcək. Əgər yaşayış yerindən uzaqda iş təklif edirlərsə, bunu qəbul etməyə də bilərsiniz, amma imtina ərizəsi yazmayın. Onlar Şəkidə yaşayan adama, Yevlaxda iş təklif edə bilməzlər, sizi aldatmaq istəyirlər. Bu proseduranı uğurla keçsəniz, işsiz kimi qeydiyyata düşə və işsizlik sığortası ala bilərsiniz…

Yazdı:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





ILK-10