Şəki İpək kombinatın nə işləməsi, nə də baş direktorunun dəyişilməsi gözlənilmir

Dərc edildi:

«Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadənin «İpəkçi» qəzetinə yazdığı məktubdan aydın olur ki, bu il əldə olunacaq 53 ton ipəyin azı 50 tonunun satılması, yerdə qalan hissəsindən isə 15 min ədəd kəlağayı istehsal edilməsi planlaşdırılıb. Bu isə o deməkdir ki, kombinatın toxucu istehsalatı və burucu sexi, hansılar ki bu il fevral ayının 1-dən etibarən dayanıblar, işçiləri – 200-250 nəfər isə öz hesablarına məzuniyyətə göndəriliblər, həmin istehsalat və sex bundan sonra cəmi iki ay işləyəcək, sonra isə yenidən dayanacaqdır. Belə ki 15 min kəlağayının istehsal edilməsi üçün həmin istehsalat və sexin cəmi iki ay işləməsi bəs edər.

Bu məqalə hazırlanarkən qapıları bağlı vəziyyətdə qalan həmin istehsalat və sexin işçilərinin hamısı «öz hesablarına» məzuniyyətdədir. Şayiə buraxılıb ki, guya, yeni baramadan əldə edilən ipəyin çəkisi 1 tona çatdıqda həmin istehsalat və sex də işə düşəcəkdir. Amma məsələ burasındadır ki, axı müəssisənin anbarında ötən ildən qalan 5-6 ton ipək də var? Yəni, həmin istehsalat və sexin isləməməsi başqa səbəbdəndir və heç də xammalla bağlı deyil.

Baramaaçan istehsalatı yarımillik boşdayanmadan sonra yalnız avqustun ortalarında işə düşüb, əvvəlcə istehsalatın barama çeşidləyici sexi, sonra isə istehsalatın özü. Hələlik yalnız 2,5 cərgə avtomat dəzgahlar işə salınıb, istehsalat tam gücü ilə işləmir. Çeşidləyici sexlə birlikdə istehsalatda təxminən, 50-60 nəfər işləyir və gündə cəmi 50 kq ipək istehsal olunur.

“İpəkçi” qəzetinin aidiyyəti olan orqanlara müraciətlərindən sonra, nəhayət ki iyul ayında kombinatın təxminən 50 işçisi olan pambıqəyirici sexinin işləməsinə icazə verildi. Maaşlar vaxtlı-vaxtında verilir. Sex rəisi yəqin ki yenə də azı 1500 manat, sıravi işçilər isə dəqiq olaraq azı 180 manat maaş alır. «Azərbaycan Sənaye Korporasiyası» ASC tərəfindən sexin qapısına barmaq izi ilə işləyən avtomat tabel quraşdırılıb. Fikrimizcə, bu “ölü canlar”a qarşı mübarizə məqsədi ilə həyata keçirilib. Bizdə olan məlumatlara görə, buna qədər sexdə heç vaxt 100 nəfər işləmədiyi halda, tabeldə 100 nəfər işçi olmuş və 100 nəfərə əməkhaqqı yazılmışdır.

Boyaq-bəzək istehsalatında isə bu gün işləyənlərin sayı isə 10 nəfərdən də çox deyil.

Kombinatın yardımçı təsərrüfatları isə tamamilə dağıdılıb. O cümlədən, 49 baş cins mal-qarası olan ferma, 141 hektar tut bağı məhv edilib, un dəyirmanının fəaliyyəti dayandırılıb. 5 il əvvəl bu yardımçı təsərrüfatlarda 100-dən şox işçi olub, kombinatda isə 1000-dən çox işçi çalışırdı. Hal-hazırda isə yardımçı təsərrüfatlar yoxdur, kombinatda isə heç 100 nəfər belə işləmir.

Bütün bunlar ipəkçilik və toxuculuq sənayesindən anlayışı olmayan Nizami Qəribovin kombinata baş direktor təyin olunmasından sonra baş verdi.


Nizami Qəribov (mərkəzdə) Azərbaycan Sənaye Korporasiyası ASC-nin 7 fevral müşavirəsində
Şəki İpək kombinatının yun istehsalına keçməsi (?!) barədə «məşhur» çıxışına hazırlaşarkən
(Bax: Şəki ipək kombinatının mövcud durumu Azərbaycan Sənaye Korporasiyası ASC-nin
müşavirəsində müzakirə edilib
) .

Ölkə prezidentinin göstərişi ilə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi üçün xaricdən tut tinglərinin gətirilməsinə və yerlərdə əkilməsinə hər il milyonlarla manat pul ayrıldığı halda, Nizami Qəribov kombinatın tut bağlarını tam baxımsız buraxıb, bütün bağbanları işdən çıxarıb.

Yüzlərlə işçini ixtisar edən, yaxud aylarla ödənişsiz məzuniyyətdə saxlayan Nizami Qəribovun özü isə özünə 2 min 500 maaş yazır, kommunal xərclərinı də yəqin ki, dövlət hesabına ödətdirir. Belə ki əvvəlki kombinat rəhbərlərinin, onların qohum-qardaşlarının, hətta saxladıqları məşuqələrin kommunal xərcləri belə dövlət tərəfindən ödənilmişdi.

Nizami Qəribovun 5 il ərzində gördüyü iş kombinatın həyətində, bir istehsalatdan digər istehsalata olan 20-30 m-lik məsafəni Prado ilə getmək və qohum-qardaşlarını kombinata soxub hər birinə ortalama 2 min manat maaş verməkdən ibarətdir. Bu yaxınlara qədər dəzgahları rəngləyən bibisi oğlunu, bir gün hamı gözünü açıb gördü ki, qaraja müdir qoyub. İşləməyən kombinatın, işləməyən qarajının müdirinə də heç şübhəsiz, azı 2 min manat maaş yazır.

Nizami Qəribovun əvvəlki iş yerlərində də fəaliyyəti bundan artıq olmayıb, ona görə də qısamüddətli olub və əvvəlki işlərindən uzaqlaşdırılıb.

Şayiələrə görə «Azərbaycan Sənaye Korporasiyası» ASC Nizami Qəribovun yerinə adam axtarır, ilk olaraq kombinatın sabiq direktoru İbrahim Mustafayevin üzərində dayanıblar. Amma İbrahim Mustafayev yaşının çoxluğunu əsas gətirərək imtina edib. Kombinatın keçmiş direktorlarından Elman Qarayev, keçmiş direktor müavini Hikmət Gülməmmədov da bu yerə iddialıdır. Amma bilmirlər ki, yazılmamış qanunlara görə Nizami Qəribovu bu vəzifəyə kim qoyubsa, yalnız o işdən götürə bilər; bu iş və kombinata müdir təyin etmək işi «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin səlahiyyətinə daxil deyil.

Dərc edən:

ILK-10