Şəki ipək kombinatı işçilərinin əmək hüquqlarının pozulması Şəki Rayon DƏMX-nin ofisində müzakirə olunub

Dərc edildi:


Şəki ipək kombinatının idarə binası

Şəki İpək kombinatının əmək kollektivi adından Azərbaycan Respublikasının Milli Məclisinə müraciətə ilk olaraq Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəblinin münasibət bildirməsinin ardınca, bu məsələ Şəki Rayon Dövlət Əmək Müfəttişliyi Xidmətinin ofisində də geniş müzakirə olundu.

Bu gün saat 10:00 radələrində başlayan müzakirədə Şəki Rayon DƏMX-nin müdiri Kamran Mikayılov və əmək müfəttişi Bünyad Məmmədov, Şəki ipək kombinatının nümayəndəsi Yusif Abdullayev, «İpəkçi» – «Şəkinin səsi» qəzetlərinin baş redaktoru Aydın Məmmədov və «Turan» İA-nin müxbiri Sadıq Fətəliyev iştirak edirdilər.

DƏMX-nin müdiri Kamran Mikayılov Şəki İpək kombinatının əmək kollektivi adından Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlanmış müraciətdə göstərilən iradların doğru olduğunu vurğuladıqdan sonra, əmək müfəttişi Bünyad Məmmədov məlumat verdi ki, mövcud qanunvericiliyin tələblərinə görə ixtisara düşən işçilərə əmək stajından asılı olaraq 1-9 həftəlik xəbərdarlıq müddəti tətbiq olunur. Bir il əmək stajı olan işçi üçün cəmi bir həftə. O, ya bir həftə işlədikdən sonra işdən azad oluna bilər, ya da ki işəgötürən tərəf onun bir həftəlik maaşını qabaqcadan ödəyərək işdən azad edə bilər.
«Şəki-İpək» ASC işçilərinin hamısı ərizə yazaraq öz xahişləri ilə işdən çıxdıqlarına görə onlara xəbərdarlıq müddəti tətbiq edilə bilməzdi, buna görə də Əmək Məcəlləsinin pozulması halı baş verməmişdir.

Şəki ipək kombinatının nümayəndəsi Yusif Abdullayev bildirmişdir ki «Şəki-İpək» ASC-də bu gün cəmi 30 nəfər işçi qalıb, 500-ə yaxın işçi öz xahişləri ilə işdən azad olunmuşdur. Ərizələri özləri yazıblar və imzalayıblar, yazmayardılar!

Şəki İpək kombinatının əmək kollektivi adından Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti hazırlamış «İpəkçi» – «Şəkinin səsi» qəzetlərinin baş redaktoru Aydın Məmmədov isə bildirdi ki, maddi təminatı acınacaqlı vəziyyətdə olan yüzlərlə işçinin ən azından sonra ala biləcəyi işsizlik sığortasından imtina edərək işdən öz xahişləri çıxmaları kifayət qədər şübhəlidir.

Burada müdriyyət tərəfindən işçilərin aldadılması və kütləvi saxtakarlıq halı var. Müdriyyət istehsalat və sex rəisləri vasitəsi ilə işçilərdən tələb edib ki iki ərizə yazsınlar; biri «Şəki-İpək» ASC-dən çıxmaq, ikincisi isə «Azəripək» MMC-yə işə götürülmək barədə. Müdriyyətin tələbini yerinə yetirən işçilər dərhal işdən azad edilsələr də onlardan çoxu «Azəripək» MMC-yə işə götürülməyib. Müdriyyət işə götürmədiyi işçilərə qanunvericilikdə nəzərdə tutulmuş 1-9 həftəlik xəbərdarlıq müddəti əvəzinə kompensasiya ödəməkdən yayınmaq üçün onları aldadıb. Bununla yanaşı, həmin işçiləri işsizlik sığortası almaq hüqündan da məhrum edib. Yusif Abdullayevin «ərizələri özləri yazıblar və imzalayıblar, yazmayardılar» iddiasına cavab olaraq bildirib ki, onların digər seçim imkanları olmayıb. İşçisi olduqları «Şəki-İpək» ASC-nin fəaliyyəti faktiki olaraq dayandırılıb, onun yerində yaradılmış «Azəripək» MMC-yə işə götürülmək üçün isə onlar əvvəlcə «Şəki-İpək» ASC-dən işdən çıxmaq ərizəsi yazmalı idilər. Müdriyyət isə bu vəziyyətdən sui-istifadə edib, işçiləri aldadıb. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə görə isə «işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır». Bu maddə pozulub. Aydın Məmmədov təklif edib ki, istehsalat və sex rəisləri Şəki Rayon DƏMX-nin ofisinə dəvət edilərək izahat versinlər.

Müzakirənin sonunda Şəki Rayon DƏMX-nin müdiri Kamran Mikayılov bildirdi ki, Şəki ipək kombinatında yoxlama keçirmək hüquqları yoxdur, lakin məsələnin aydınlaşdırılması, kütləvi saxtakarlıq halının baş verib-verməməsinin dəqiqləşdirilməsi üçün Şəki ipək kombinatının rəhbərliyinə sorğu göndərəcəkdir.

Sadıq Fətəliyev

Dərc edən:

ILK-10