Rəfael Abdullayevin imkansız olmasının sirri bu gün necə açıldı?

Dərc edildi:


Rəfael Abdullayev «Şəki-İpək» ASC Həmkarlar İttifaqı Komitəsinin X konfransında çıxış
edərkən, – 28 aprel 2012

Əmək fəaliyyətini bir-iki il əvvəl Şəki ipək kombinatının toxucu sexində mexanik kimi başa vurmuş 81 yaşlı Rəfael Abdullayevi kombinatın kollektivi yaxşı dost, zəhmətkeş və bacarıqlı bir işçi kimi tanıyır. «İpəkçi»-də «İmkansız» təxəllüsü ilə şeirləri də çap olunub (Bax: Rafael İmkansız yaradıcılığına bir nəzər ). Hal-hazırda görmə qabiliyyətini tamam itirdiyinə görə işdən də, yaradıcılıqdan da uzaqlaşıb. Amma kombinatın işçiləri onunla müntəzəm əlaqə saxlayır, o da doğma iş yerində indi baş verənləri diqqətlə izləyir. «İpəkçi» qəzetində son yazılanlar da ona məlumdur. Bu gün isə bizi söhbətləşmək üçün öz evinə dəvət etdi. Təklifini məmnuniyyətlə qəbul etdik.

Şəhərin tarixi hissəsində, ən gözəl tarixi evlərin birində yaşayır. Həmin evi babası Qara Məcid tikdirib. Amma Qara Məcid düşündüyümüz kimi heç də bəy-xan övladı olmamışdı, yetim bir uşaq imiş, Törə Salamın fabrikasında barama döyən fəhlə işləyib, pul yığıb, 80 manat toplayandan sonra isə ipək alverinə başlayıb və bu evi tikdirib.

Rəfael Abdullayevin atası kombinatın baramaaçan istehsalatında mühasib işləyirdi. Özü isə Daşkənddə Toxuculuq İnstitutunda təhsil alıb. Müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə çalışıb. Lakin heç bir yerdə 100-120 manatdan artıq maaş verilmir ona.

Deyir kombinatın indiki baş direktoru Nizami Qəribov da, əvvəlki baş direktorları da maşınla onun yanından keçəndə hökmən maşından düşüb hal-əhvalımı soruşmamış getməyib, hamıdan hörmət görmüşəm, amma «həyatda şansım heç olmayıb, şanslı adam olmamışam, təhsilim, təcrübəm, hörmətim olub, amma heç vaxt pulum olmayıb».

Soruşduq ki «1985-ci ildə kombinata işə girəndə siz Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətində idiniz. Bunun səbəbi nə olub? Doğrudanmı, sövet hökumətinin əleyhinə nəsə bir iş görmüsdünüz?» Heyrətləndi və indiyə qədər bunu bilmədiyini dedi. Sonra əlavə etdi ki o, heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb. Amma Bakıda Fizika institutunda kosmik tədqiqatlarla məşğul olan bir şöbə vardı, bir vaxtlar həmin şöbədə işləyib, Kərim Kərimovu yaxından tanıyırdı, isti münasibətləri vardı. Hərbi sənaye kompleksinin sirlərini bilirdi, yəqin ki DTK məhz buna görə onu daima nəzarətdə saxlayıbmış və nəticədə normal yaşamasına imkan verilməyib, normal maaşı olan vəzifələr tuta bilməyib…

P.S. Rəfael Abdullayevlə hal-əhval tutmaq istəyənlər onun bu mobil telefon nömrəsinə zəng edə bilərlər: 051 844 71 32 .

Dərc edən:

ILK-10