Şəki ipək kombinatının işdən çıxarılmış daha 80 işçisi işə bərpa olundu (mətn və video)

Dərc edildi:
Şərhlər 0


Şəki ipək kombinatı baramaaçan istehsalatının rəisi Əsabəli Nəzərov

Oktyabrın 1-dən etibarən Şəki ipək kombinatının baramaaçan istehsalatına daha 80 nəfər işə götürülüb, nəticədə kombinatda işləyənlərin sayı bu ilin fevral ayından sonra ilk dəfə olaraq 250-ni keçib. Kombinatın baramaaçan istehsalatının rəisi Əsabəli Nəzərovun ATV-yə dediyinə görə onun rəhbərlik etdiyi istehsalatda işçilərin sayı 211 nəfərdir. Amma bizdə olan məlumata görə hal-hazırda bu istehsalatda işləyənlərin sayı 150-dən çox deyil. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə baramaaçan istehsalatında 600-dən çox işçi olub…

Yeni işə götürülənlər «Şəki-İpək» ASC-nin keçmiş işçiləridirlər.

Məlumat üçün əlavə edək ki, baramaaçan istehsalatı bu il yanvar ayının 15-də baramanın tükənməsi səbəbindən dayanmışdı. Bundan sonra isə istehsalatın bütün işçiləri «Şəki-İpək» ASC-nin buraxılması istiqamatində «öz xahişləri ilə» işdən azad edilmişlər.

Cari barama mövsümündə respublikada 514 tona yaxın yaş barama tədarük edilməsinin ardınca, avqustun ortalarında baramaaçan istehsalatının fəaliyyəti qismən bərpa edildi. Amma oktyabrın 1-nə qədər yalnız avtomat dəzgahlar işləyirdi. Cəmi 50-60 işçi ilə gündə cəmi 50 kq ipək istehsal olunurdu. Bu sürətlə bu il tədarük olunmuş baramanı yalnız 3 ilə emal edib qurtara bilərdilər. Həm də baramanın bir qismi avtomat dəzgahlarda açılmadığına görə avtomat dəzgahların ardınca mexaniki dəzgahların da işə salınmasına ehtiyac vardı…

Baramaaçan istehsalatına 80 nəfərin işə götürülməsində «İpəkçi»-nin də az-çox xidməti olub. Bundan başqa kombinatın bir il fəaliyyətsiz qalmış pambıqəyici sexi üçün 1209 ton mahlıc ayrılmasında, nəticədə sexin fəaliyyətinin bərpa edilməsində və işçilərinin maaş ala bilməsində də «İpəkçi» müstəsna rol oynamışdır. Kombinat rəhbərliyi «pambıq, dövlətə məxsusdur, dövlət bizə pambıq vermədi bu il» deyib öz işlərini bitmiş hesab edərkən, «İpəkçi» yazdı ki, «biz Prezidentə müraciət edərik, kombinata pambıq verilər», müraciət etdik, pambıq da verildi!

İndi isə bu il fevralın 1-dən işi dayanmış burucu sexinin, toxucu istehsalatının fəaliyyətinin bərpa edilməsi istiqamətində çalışırıq, hansı ki həmin sex və istehsalatda üst-üstə 200-250 nəfər işçi vardı, hamısı «öz xahişləri ilə» əvvəl bir neçə dəfə ikiaylıq ödənişsiz məzuniyyətə göndərilmiş, axırda isə hamısı «öz xahişləri ilə» işdən azad edilmişdir. Bizdə olan məlumatlara görə bu sex və istehsalatda bundan sonra işin bərpası heç də o qədər asan olmayacaq. İxtisaslı kadrlardan, o cümlədən, mexaniklərdən, texnoloqlardan bir çoxu başqa müəssisələrə işləməyə keçmişdir. Toxuculuq sənayesi üzrə ixtisaslı kadrlar yalnız sovet dövründə hazırlandığından indi bu sahədə kadr problemi özünü açıq-aydın büruzə verməyə başlayıb.

İnşallah, fəaliyyəti dondurulmuş xalça sexinin də fəaliyyəti bərpa ediləcək. Ölkənin hər yerində xalça sexləri açıldığı bir vaxtda, 4-5 ildir ki kombinatın xalça sexinin fəaliyyəti də dondurulub, bir 40 nəfər də belə işsiz qalıb. Xalça istehsalının dayandırılması birbaşa korrupsiyadır! Kv m-i 400$-a başa gələn xalçanın kv m-nə 1400$ qiymət qoyulduğundan satılmamış, istehsalı dayandırılmış və xalça toxuyan işçilər işsiz qalmışlar…

ILK-10