“Azəripək”: Bu il 50 tondan çox xam ipək istehsalı proqnozlaşdırılır

Dərc edildi:
Şərhlər 0


Baramaaçan istehsalatının rəisi Əsabəli Nəzərov Azərtaca müsahibə verərkən

Şəki, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC


Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, qədim ənənələrə malik baramaçılığın, ipəkçiliyin dirçəldilməsi də Prezident İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub.

2018-ci ildə ölkədə yaş barama istehsalı 2 dəfədən çox artıb

İpəkçiliyin inkişafı təbii ki, ilk növbədə, zəruri xammal bazasından asılıdır. Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra son iki-üç ildə respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nəticə göz qabağındadır. 

AZƏRTAC xəbər verir ki, 2016-cı ildə Azərbaycanda 2007-ci ildən bəri ilk dəfə olaraq 71 ton, ötən il isə 244,8 ton yaş barama olunub. Cari ildə yaş barama istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 514 tona çatıb.

İpəkçiliyin inkişaf etdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi sahəsində həyata keçirilən zəruri tədbirlərin artıq öz müsbət nəticəsini verdiyini vurğulayaraq deyib: “Bütün bu işlər gözəl nəticə verir və bu il 500 tondan çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki İpək Kombinatı da daha böyük həcmlə işləyir. Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq. Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq”

“Azəripək” MMC-nin baramaaçan istehsalatı fəaliyyətini bərpa edib

Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində respublikamızda baramaçılığın inkişaf etdirilməsi və ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər respublikamızın şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin (keçmiş “Şəki-İpək” ASC) fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Avqustun ortalarından etibarən müəssisənin baramaaçan istehsalatı işə salınıb və burada yenidən xam ipək istehsalına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri baramaaçan istehsalatında olub, işçilərlə görüşüb.

İstehsalatın meneceri Əsabəli Nəzərovun bildirdiyinə görə, rayonlardan tədarük edilən yaş barama əvvəlcə müəssisənin xammal şöbəsinə və barama çeşidləyici sexinə daxil olur. Təmizləndikdən sonra barama müəssisənin bu istehsal sahəsinə gətirilir.

Hazırkı xammal ehtiyatı ilə “Azəripək” MMC-nin baramaaçan istehsalatı ilboyu fasiləsiz fəaliyyət göstərəcək

İstehsalatın meneceri deyib ki, baramaaçan istehsalatının birnövbəli iş rejimində ilboyu fəaliyyət göstərməsi üçün 120 ton quru barama tələb olunur. Hazırkı xammal ehtiyatı ilə bu istehsal sahəsi növbəti barama mövsümünədək fasiləsiz fəaliyyət göstərə biləcək.

Qeyd edək ki, buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 2008-ci ildə baramaaçan istehsalatında yenidənqurma işləri aparılıb, burada Çində istehsal olunan yeni, müasir baramaaçan, barama sarıyan, barama buğa verən dəzgahlar, vakuum aparatı quraşdırılıb. Yenidənqurma işlərindən sonra bu istehsalatda əmək məhsuldarlığı bir neçə dəfə artıb.

Avtomat dəzgahların məhsuldarlığı mexanikilərdən 3 dəfə çoxdur

Əsabəli Nəzərovun sözlərinə görə, hazırda istehsalatda olan mexaniki dəzgahların yarısı, avtomat dəzgahların isə hamısı işlək vəziyyətdədir. Avtomat dəzgahlarda gün ərzində orta hesabla 90-95 kiloqram, mexaniki dəzgahlarda isə 32-33 kiloqram xam ipək istehsal olunur. Burada istehsal edilən xam ipək sonra istehsalatın ipək otağına gətirilir, tikilir, ovulur, keyfiyyəti müəyyənləşdirilir, yenidən qablaşdırılır, kipləşdirilir və mərkəzi anbara göndərilir.

Fəaliyyətə başladığı gündən indiyədək baramaaçan istehsalatında 3 tona yaxın xam ipək istehsal olunub. Ümumiyyətlə, bu il tədarük olunan yaş baramadan 50 tondan çox xam ipəyin istehsal edilməsi proqnozlaşdırılır. Ötən il isə müəssisədə 27 ton yüksək keyfiyyətli xam ipək əldə edilib.

Hazırda baramaaçan istehsalatında 181 işçi çalışır. Onların orta aylıq əmək haqqı 200 manatdan yuxarıdır.

İşçilərlə söhbət zamanı baramaaçanlar Əminə Qaflanova, Vüsalə Ramazanova, təkrar sarıma dəzgahında çalışan Sevil Cabbarova, ipək otağının işçisi Gültəkin Həmidova və başqaları ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafına, həmçinin müəssisənin fəaliyyətinin bərpa olunmasına göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar qarşıya qoyulan vəzifənin öhdəsindən uğurla gələcəklərinə əminliklərini bildiriblər.

Mənbə: >>

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





ILK-10