Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə

Dərc edildi:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak edərkən (Fotoşəkil Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytından götürülüb).

Oktyabrın 29-da səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaxdan Şəki şəhərinə təşrif buyurublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoydular.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Prezident İlham Əliyev isə öz növbəsində müvafiq tapşırıqlarını verdi.

Daha sonra, günün birinci yarısında, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, Şəki-Kiş avtomobil yolunun, Şəki “ASAN Həyat” kompleksinin, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin və qarışıq tipli uşaq evi üçün binanın açılışında iştirak etdilər.

Bayraq Muzeyinin açılışında məlumat verilib ki, meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.

Qeyd olunub ki, Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

Prezident İlham Əliyevin günün ikinci yarısında Türkiyəyə getməsi və İstanbulun yeni hava limanının açılışında iştirak etməsi gözlənilir.

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.