Kamran Nəbizadə niyə ipəyi satmaq yolunu seçdi?

Dərc edildi:
Şərhlər 0


«Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadə
Azərbaycan Sənaye Korporasiyası» ASC-nin 7 fevral 2018-ci il tarixli müşavirəsində çıxış edərkən.

Şəki ipək kombinatının bügünki vəziyyəti

Əvvəlki məqalədə göstərmişdik ki kifayət qədər xammal olmasına baxmayaraq Şəki ipək kombinatının toxucu istehsalatı, burucu sexi, un dəyirmanı, xalça sexi uzun müddətdir, pambıqəyirici sexi isə oktyabrın 3-dən fəaliyyətsizdir. Yalnız baramaaçan istehsalatı işləyir ki, burada da hal-hazırda işçilərin sayı cəmi 150 nəfərdir, maaşları isə 200 manatdan çox deyil. Müqayisə üçün qeyd etmişdik ki 2012-ci ildə həmin istehsalatda 650 işçi olub.

Rəsmi KİV-də ipəkçilik və ipək sənayesi

Rəsmi KİV bir qayda olaraq, Azərbaycanda ipəkçiliyin və ipək sənayesinin vəziyyəti ilə bağlı yalnız pozitiv məlumatlar yayır, qurd toxumunun məhsuldarlığının və baramanın ipək çıxarının hər il azalmasını, nəticədə ipəyin maya dəyərinin artmasını və digər problemləri isə gizlədir.

Yaş baramanın ipək çıxarı düsturu

Yaş baramadan ipək çıxarı, adətən, d=(a:2,8=b):3 düsturu ilə hesablanır. Burada a yaş baramanın çəkisi, b quru baramanın çəkisi, d isə ipəyin çəkisidir.

Son 3 ildə yaş baramanın ipək çıxarı

2016-cı ildə 71 ton yaş baramadan 9 ton ipək əldə olunmuşdu. 71 tonu əvvəl 2,8-ə, sonra isə 3-ə böldükdə 8,45 ton edir. Deməli, yaş baramanın ipək çıxarı həmin il əla idi – normadan yarım ton çox olub.

Eyni düsturla 2017-ci ilin 244 ton yaş baramasından 29 ton ipək alınmalı idi və azı buna yaxın çəkidə – 28 tona yaxın, ipək əldə olunub (2017-ci ilin sonuna qədər 25,7 ton, 2018-ci ildə isə yanvarın 15-ə qədər, təxminən, 2 ton).

Həmin düsturla hesabladıqda 2018-ci ilin 514 ton yaş baramasından 61 ton ipək əldə edilməlidir. İpək kombinatının mühasibatlığı isə bir qədər az – 53 ton ipək əldə ediləcəyini proqnozlaşdırıb. Amma 8 tonluq kəsir heç də 67 ton yaş baramanın çatışmadığını iddia etmək üçün əsas deyil. Belə ki Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutundan Qaffar Məmmədov «İpəkçi»-yə bildirdi ki, 514 ton yaş barama üçün 53 ton ipək çıxarı normaldır, baramanın keyfiyyəti bir az da aşağı olarsa, daha da az – cəmi 40 ton, ipək əldə edilə də bilər. Qaffar Məmmədov dedi ki, o, məhsulun sortlara ayrılaraq qəbul edilməsini təklif etmişdi. Əgər onun məsləhətinə əməl edərək məhsulu sortlara ayırsaydılar, ipək çıxarı indiki kimi mübahisə predmeti olmazdı…

Dünya bazarında ipəyin qiyməti

Məhsuldarlığın azalması ipəyin maya dəyərinin yüksəlməsinə səbəb olur. Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi, dünya bazarında isə ipəyin qiyməti ilin əvvəlinə nisbətən xeyli düşüb. Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış «Mainline Enterprises» şirkətinin meneceri Məhəmməd Muzammil «İpəkçi»-yə bildirdi ki, hal-hazırda 20/22D markalı Çin ipəyinin qiyməti 46-48 $-dır; eyni markalı Vyetnam ipəyi 44-46 $-a, Tailand ipəyi 45 $-a, Özbəkistan ipəyi 43-45 $-a, Hindistan ipəyi 38-42 $-a, Türkmənistan ipəyi isə 38-40 $-a satılır.

Azərbaycan isə dünya bazarına 20/22D markalı ipək çıxararsa, heç bir şübhə yoxdur ki, Çin ipəyindən ucuz, Türkmənistan ipəyindən isə baha dəyərləndirilə və 44 $-a yaxın qiymətə satıla bilər.

Azərbaycan öz ipəyini su qiymətinə satırmı?


Azexport.az saytında Azərbaycan ipəyinin 17 manata (10 $-a) təklif olunması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında» 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmış Azexport.az saytında Azərbaycan ipəyinin 17 manata (10 $-a) təklif olunması diqqətimizdən yayınmadı (bax: >> (arxivləşdirilmiş>>)). Doğrudanmı, Azərbaycan öz ipəyini real qiymətdən 4,4 dəfə aşağı satmaq istəyir? Azexport.az saytının əməkdaşları ilə əlaqə yaradaraq bunu dəqiqləşdirmək istədik. Sonda bizə bildirildi ki təklif edilən məhsul artıq ipək liflər imiş və hamısı satılıb, ipək 15-20 gündən sonra olacaq, amma başqa qiymətə.

Satışa çıxarılan ipək xalça ipliyi imiş?

Digər mənbədən isə bizə bildirildi ki Azexport.az saytında satışa çıxarılan məhsul Şəki ipək kombinatında nə vaxtsa xalça sexi üçün hazırlanmış ilmə ipliyidir. Anbarda 100-150 kq belə bir məhsul qalmışdı, amma ipəyin qiyməti 40-50 $ olduğu vaxtda, ipək ilmə ipliyi daha baha dəyərə malik olmalı idi, təxminən, 70-85 $-a.

Yeri gəlmişkən əlavə edək ki Azexport.az saytında Şəki ipək kombinatı kimi böyük bir müəssisənin bundan başqa heç bir məhsulu satışa çıxarılmayıb.

Xalça sexi isə 5-ci ildir ki fəaliyyətsiz qalıb

Son illər ölkənin hər yerində xalça sexlərinin açıldığı bir vaxtda, 4-5 ildir ki kombinatın xalça sexinin fəaliyyəti dondurulub. 2012-ci ilə qədər sexdə 80 nəfər işləyirdi. 2012-ci ildə 314 m2 ipək xalça istehsal edilib, növbəti il isə sexin fəaliyyəti dayandırılıb. Səbəb isə bu oldu ki, ipək xalçanın 1 m2-nin qiyməti 2003-cü ildəki 400 $-dan 2012-ci ilədədək 1400 $-a qaldırılmış, nəticədə xalçalar satılmamışdır. Bəzi məlumatlara görə bank maxenasiyaları üçün anbardakı malın qiymətini süni şəkildə artırmaq lazım olub, ona görə də xalçanı real dəyərindən artıq qiymətləndiriblər. Nəticədə 80 nəfər işsiz qalıb, ölkənin yeni formalaşmaqda olan, dünya bazarında tanınmağa başlayan ipək xalça sənayesi tənəzzül edib, iqtisadiyyatımıza zərbə vurulub.

Azərbaycan ipəyinin maya dəyəri nə qədərdir?

Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi, Azərbaycanda istehsal olunan 1 kq ipəyin maya dəyəri subsidiya ilə birlikdə 130 manatdır. Dünya bazarında isə Azərbaycan ipəyini ən yaxşı halda 50 $-a satmaq olar, bu isə edir 85 manat, maya dəyərindən 45 manat aşağı. Yuxarıda qeyd etdik ki bu gün dünya bazarında ən keyfiyyətli Çin ipəyinin qiyməti belə heç 50 $-a çatmır, biz dünya bazarına 20/22D markalı ipək çıxarsaq Çin ipəyindən ucuz, Türkmənistan ipəyindən isə baha dəyərləndirilə və 44 $-a a yaxın qiymətə satıla bilər.

İpəyi xaricə satmaq nə deməkdir?

Əvvəlki məqalələrimizdən birində qeyd etdiyimiz kimi, «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadənin «İpəkçi» qəzetinə yazdığı məktubdan aydın olur ki, builki baramadan əldə olunacaq 53 ton ipəyin azı 50 tonunun satılması, yerdə qalan hissəsindən isə 15 min ədəd kəlağayı istehsal edilməsi planlaşdırılıb. Bu isə o deməkdir ki kombinatın toxucu istehsalatı və burucu sexi, hansılar ki bu il fevral ayının 1-dən etibarən dayanıblar, həmin istehsalat və sex bundan sonra cəmi bir-iki ay işləyəcək, sonra isə yenidən dayanacaqdır. Belə ki 15 min kəlağayının istehsal edilməsi üçün həmin istehsalat və sexin cəmi bir-iki ay işləməsi bəs edər. Amma bir-ikiaylıq işdən ötrü «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin 200-250 nəfər işçini yenidən işə götürəcəyi inandırıcı görünmür. Belə ki kombinatın “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə keçməsindən sonra – bu ilin ortalarında, toxucu istehsalatının və burucu sexinin bütün işçiləri aldadılaraq «öz xahişləri ilə» işdən azad ediliblər. Nəticədə, işdən çıxarılan işçilər nəinki hansısa kompensasiyanı almaq hüququndan, həm də işsizlik sığortası almaq hüquqlarından da məhrum olublar.

Kamran Nəbizadə niyə ipəyi satmaq yolunu seçdi?

Şəki ipək kombinatının adından göründüyü kimi bu müəssisə ipək və ipək məhsulları istehsalı üzrə ixtisaslaşıb. Azərbaycanda isə ipəyə təlabat azdır. Odur ki kombinatın məhsulları əsasən xarici bazarda satıla bilər. Xarici bazara çıxmaq üçün isə ən əvvəla, məhsulun maya dəyərini azaltmaq lazımdır…

«Azərbaycan Sənaye Korporasiyası» ASC öz mülkiyyətində olan Şəki ipək kombinatına («Azəripək» MMC-yə) bu il yaş barama satın alması üçün 2 milyon manat borc verib. Görünür, «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadə ehtiyat edir ki kombinatın toxuduğu parça satılmayıb anbarda qala bilər və kombinata verdiyi borc geri qayıtmaz. Buna görə də parça istehsalının bərpa edilməsinə icazə vermir. Parça istehsalının səmərəli olmasına əmin deyil, buna onu inandıra bilən adam da yoxdur. Ona görə qərara gəlib ki builki yaş baramadan əldə ediləcək 53 ton ipəyin 50 tonu satılsın. Azərbaycanda Şəki ipək kombinatından başqa heç bir müəssisə ipək işlətmirsə, deməli, 50 ton ipək xaricə satılacaqdır.

Xaricə xammalı yox, əməyi satmaq lazım idi

Bizim fikrimizcə xaricə 50 ton ipək satmaq əvəzinə, 330 min ədəd xam kəlağayı satmaq daha doğru seçim olardı. Belə ki 50 ton ipəkdən 330 min ədəd kələğayı toxumaq olur və bu elə bir böyük rəqəm deyil, əvvəlki illərdə kombinatda ayda 15 min ədəd xam kəlağayı toxunub, hamısı da satılıb. Sözsüz ki kələğayıda qazanc çox olmayacaq, amma ölkə iqtisadiyatına çox xeyir dəyəcək, ən azından 300 nəfər daimi işlə təmin olunacaq. Xammalı yox, əməyi satmaq lazım idi. Azərbaycan ipək sənayesinin ixtisaslı fəhləsi 100 $-lıq aylıq maaşa işləyirsə ipək parçamız ucuzluğuna görə ən ucuz Çin bazarını da fəth edə bilərdi…

Bu məqalə mötəbər saytlarda və müxtəlif dillərdə:

1. Kamran Nəbizadə niyə ipəyi satmaq yolunu seçdi?>>
2. Почему Кямран Набизаде предпочел продать шелк?>>
3. Why Did Kamran Nabizadeh Prefer to Sell Silk? >>

Həmçinin, bax:
Barama qalıqlarının atılması >>

Dərc edən:
Kateqoriyalar:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





ILK-10