Kim milyarder olmaq istəyirsə, həbsdə oturacaq

Dərc edildi:
Şərhlər 0

“Danske Bank”la bağlı qalmaqal ərəfəsində Azərbaycan bankiri Hacıyev niyə həbs olundu?

Britaniya ilk dəfə olaraq, “şübhəli gəlirlərə qarşı mübarizə”yə dair qanunu tətbiq etdi. Rusiyaya qarşı sanksiyalar dalğasında qəbul olunmuş bu qanunun keçmiş SSRİ ölkələrindən gələn çirkli pulların “ovuna çıxmağa” imkan verəcək normativ akt olduğu bildirilirdi.

Cinayətkarlığa Qarşı Mübarizə üzrə Milli Agentliyin iqtisadi cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi Donald Tun qanunun qəbulundan sonra demişdi ki, indi London zəngin rusiyalılara münasibətdə potensial məqsədlərinə görə yanaşacaq. Lakin bu qanunun şamil edildiyi ilk adam rusiyalı yox, azərbaycanlı oldu – Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva.

Bu, son vaxtlar böyük pullar dünyasından Azərbaycanla bağlı daha bir xəbərdir. Sentyabrın 19-da Kopenhagendə Şimali Avropanın aparıcı banklarından biri olan “Danske Bank”ın baş ofisində daxili araşdırmaların nəticələri ilə bağlı mətbuat konfransı keçirildi. Araşdırmalar zamanı məlum olmuşdu ki, “Danske Bank”ın Estoniya şöbəsi təxminən 200 milyard avro pul yuyub. Həmin pullar da əsasən keçmiş SSRİ ölkələrindən, xüsusilə Rusiya və Azərbaycandan gəlib.

“Azərbaycan landromartı”

Hələ may ayında Estoniyanın maliyyə müfəttişliyinin üzə çıxardığı məruzədən məlum olurdu ki, 2011-2016-cı illərdə ölkənin bankları vasitəsilə 13 milyard avrodan çox pul yuyulub. Pullar rezident olmayan şəxslərin hesablarından keçməklə Estoniyadan kənardakı hesablara köçürülüb.

2017-ci il sentyabrın 4-də Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Beynəlxalq Mərkəz (OCCRP) “Azərbaycan landromartı” adı altında silsilə materiallar yayımladı. OCCRP 2012-2014-cü illərdə Bakıdan “Danske Bank”ın Estoniya şöbəsi vasitəsilə 2.9 milyard dolların Böyük Britaniyada qeydiyyatdan keçmiş “Polux Management LP”, “Hilux Services LP”, “Metastar Invest LLP” və “LCM Alliance LLP” şirkətlərinin hesablarına necə köçürüldüyünü detallı şəkildə yazırdı. Həmin pulların əsas hissəsinin sonradan ABŞ və Avropa siyasətçilərini, hökumət adamlarını satın almağa xərcləndiyi bildirilir.

Danimarka bankında aparılmış daxili araşdırma nəticəsində Azərbaycandan olan və Estoniya şöbəsi vasitəsilə bu ölkədən kənara, xüsusən də Böyük Britaniyaya pullar köçürmüş 75 nəfərin adı müəyyənləşdirildi.

“Danske Bank” faktiki OCCRP-nin araşdırmaları və Estoniya maliyyə müfəttişliyinin iradlarıyla razılaşdı. Bankın baş direktoru Tomas Borgen istefa verdi.

Müstəqil araşdırmanın bəzi detallarını yada salaq. OCCRP və Danimarkanın “Berlingske” qəzeti 2011-2016-cı illərdə “Danske Bank”ın Estoniya şöbəsində açılmış hesablar vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş şirkətlərə 16 min əməliyyat yoluyla 18 milyard kronluq köçürmələrə dair sənədlər əldə etmişdi. Söhbət bir qədər yuxarıda adları çəkilən “Polux Management LP”, “Hilux Services LP”, “Metastar Invest LLP” və “LCM Alliance LLP” şirkətlərindən gedir. Britaniya reyestrinin məlumatına görə, bu kommersiya strukturlarının sahibləri ofşor şirkətlər idi. Lakin “Danske Bank”da hesab açarkən təqdim edilən sənədlərdə bu şirkətlərin rəhbərlərinin və sahiblərinin bank hesabları göstərilib. Məsələn, sənədlərə əsasən, Şotlandiyanın Qlazqo şəhərində qeydiyyatdan keçmiş “Hilux Services LP” və “Polux Management LP” şirkətlərinin sahibi və idarə edəni Məhərrəm Əhmədov adlı şəxsdir. Bu şirkətlər vasitəsilə Azərbaycandan 1.7 milyard dollar pul çıxarılıb. Lakin OCCRP üzə çıxarmışdı ki, sənədlərdə bu şirkətlərin sahibi kimi adı keçən Məhərrəm Əhmədov Bakı ətrafında yaşayan, yerli banklardan birində sürücü işləyən şəxsdir.

“Danske Bank”ın rəhbəri Tomas Borgenin istefa öncəsi söylədikləri maraqlı idi: “Aydın məsələdir ki, “Danske Bank” Estoniyada çirkli pulların yuyulmasıyla bağlı mümkün əməliyyatların qarşısının alınmasında işinin öhdəsindən gəlməyib. Mən buna çox təəssüf edirəm. Baxmayaraq ki tərəfsiz hüquq orqanının araşdırmaları da mənim öz vəzifələrimə əməl etdiyimi göstərdi, ancaq hesab edirəm ki, istefa verməyim daha doğru olar”.

Onlar necə düşmən oldular?

Azərbaycandan 2.9 milyard dolların “Danske Bank”ın Estoniya şöbəsi vasitəsilə ötürülməsində əsas rol oynayanlardan biri Azərbaycan Beynəlxalq Bankı olub. O zaman bu, Azərbaycanın ən böyük bankı idi. O, 1992-ci ildə SSRİ “Vneşekonombank”ının Azərbaycan şöbəsinin bazasında yaradılıb. Bankın bütün dünya üzrə (ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Yaxın Şərq və Asiya) şöbə və filiallar şəbəkəsi vardı. Beynəlxalq Bank inkişaf etməkdə olan bazarda mütəmadi olaraq, ən yaxşı bank elan edilirdi.
Bəlkə 2001-ci ildən Beynəlxalq Bankın İdarə Heyətinin sədri olan Cahangir Hacıyev də bu məsələlər üzə çıxanda “Danske Bank”dan olan həmkarı Tomas Borgenin söylədiklərinə bənzər bəyanatla çıxış edə bilərdi. Lakin Hacıyev 18 mart 2015-ci ildə artıq bankın İdarə Heyətinin sədri vəzifəsindən getmişdi. Həmin il dekabrın 5-də isə Beynəlxalq Bankın keçmiş rəhbərini həbs edib, Bakı türməsindəki kameraların birinə göndərdilər.

Vacib bir detal. Cahangir Hacıyev həbs oluna biləcəyi xəbərini Azərbaycandan kənarda olanda eşitmişdi. Dostları və qohumları ona Avropada qalmağı məsləhət gördülər. Lakin o, sadəlöhvcəsinə inanırdı ki, böhtanın qurbanı olub, cinayət işi və həbs üçün əsaslar onun düşmənləri – ölkənin Daxili İşlər Nazirliyinin generalları tərəfindən uydurulub. Hesab edirdi ki, Bakıya qayıdıb günahsızlığını sübut edə biləcək.

Demək lazımdır ki, Hacıyevlə DİN generalları arasında düşmənçilik qarşılıqlı idi, kökü 2005-ci ilin fevralında baş vermiş dramatik hadisəyə gedib çıxır. O zaman bankirin həyat yoldaşı Zamirə Hacıyeva oğurlanmışdı. Adam oğruları onu buraxmaqdan ötrü 15 milyon avro pul tələb edirdi. Lakin pul verilmədi. Adam oğrularıyla danışıqlar getdiyi vaxtda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi xüsusi əməliyyat keçirdi, qadın azad edildi.

“Qara kəmər” adı verilən bu əməliyyat nəticəsində Zamirə Hacıyeva azad edildikdən sonra cinayət işi başlandı, xeyli adam həbs olundu. İstintaq zamanı məlum oldu ki, 12 nəfəri qətlə yetirən, 17 nəfəri oğurlayan bandaya DİN-in Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov rəhbərlik edirmiş. Hacı Məmmədov da dediyinə görə, Zamirə Hacıyevanın oğurlanması barədə sifarişi birbaşa öz rəhbərindən – DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirovdan alıb.

Məmmədovun bandasına 2007-ci ilin yanvar ayında hökm oxundu və on nəfər ömürlük azadlıqdan məhrum edildi. Daha 13 nəfərə 5 ildən 15 ilə qədər həbs cəzası verildi. Ömürlük azadlıqdan məhrum edilənlər arasında general Nəsirov da vardı.

Həyat yoldaşının oğurlanmasına sifariş verən və onu icra edənləri Cahangir Hacıyev yaxşı xatırlayırdı. General Nəsirovun güc strukturlarındakı nüfuzlu himayədarlarını da yaddan çıxarmamışdı. Hacıyev bilirdi ki, onunla bağlı cinayət işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində başlanıb, orada da davam edir. Hərçənd, bu idarədə bank məsələləri üzrə mütəxəssis yoxdur. Lakin keçmiş general Zakir Nəsirovun dostları-silahdaşları var. 2017-ci ilin martında Nəsirovun əfv sərəncamına düşməsinə və azadlığa buraxılmasına onların lobbiçilik etdiyi bildirilir.

Hacıyev bütün bunları bildiyi halda, yenə də Bakıya getdi. Və həbs olundu. Bankirə qarşı çoxlu maddələr buketilə ittihamlar irəli sürüldü.

Azərbaycan mediasında Hacıyev və onunla əlbir olanların bankdan oğurladığı iddia olunan məbləğlə bağlı müxtəlif rəqəmlər yazılırdı – 1 milyarddan 8 milyarda qədər. Yekun rəqəm isə Maliyyə Nazirliyinin 5 sentyabr 2016-cı ildə yaydığı press-relizdə qeyd olundu. İddia edilirdi ki, 2009-cu ilin oktyabrından 2015-ci ilin martına qədər Beynəlxalq Bank qaytarılacağı ümidsiz olan 1.3 milyard manat, 1.4 milyard dollar və 300 milyon avro kredit verib. Azərbaycan KİV-lərində isə belə məlumat yayılmışdı ki, istintaqın əlində bankın sərmayəsinin təxminən 3 milyardının Hacıyev və ailə üzvləri tərəfindən oğurlanması barədə təkzibedilməz sübutlar var.

Nazirin və prokurorun şirkəti

Azərbaycan Maliyyə Nazirliyi öz hesabatlarını OCCRP-nin “Azərbaycan landromartı” barədə araşdırmasından düz bir il öncə açıqlamışdı. Burada gözə girən nədir: Beynəlxalq Bankın ümidsiz kreditlərini toplayanda elə “Danske Bank”ın Estoniya şöbəsi vasitəsilə Azərbaycandan çıxarılan 2.9 milyard dollarlıq məbləğ alınır.

Diqqəti çəkən məqamlardan biri odur ki, Maliyyə Nazirliyinin məlum press-relizi Beynəlxalq Bankın keçmiş rəhbərinin məhkəməsinin sona çatdığı ərəfədə ortaya çıxdı. Cahangir Hacıyevə qarşı cinayət işində ittiham tərəfi bankdan milyardların oğurlanmasına heç toxunmamışdı. Hacıyevə verilən ittiham isə 47 milyon 144 min manatlıq mənimsəmə idi – fiziki şəxslərin adına ayrılmış kreditlər.

Əgər istintaqın diqqəti həqiqətən qaytarılmayan kreditlərə yönəlmişdisə, bəs niyə bankdan götürülmüş, Hacıyevlə əlaqəsi olmayan və qaytarılması ümidsiz olan böyük məbləğlər onları maraqlandırmadı? Məsələn, “Akkord” şirkətinə verilmiş 1 milyard dollarlıq krediti açıq-aşkar qaytarmaq istəyən yox idi. Bəlkə də bu məsələ ona görə hüquq-mühafizə orqanlarının, həm də medianın diqqətindən kənarda qalıb ki, adıçəkilən şirkətin rəhbərləri kimi ölkənin baş prokurorunun və nəqliyyat nazirinin adı çəkilirdi.

Hətta iş o yerə çatdı ki, “Akkord”un mətbuat xidməti ittihamları rədd elədi. Bildirildi ki, belə əsassız fikirlər ancaq təcrübəsiz adamların ağlına gələ bilər: “Şirkətin uğurlarının səbəbi onun rəhbərinin vəzifəsi yox, ağlı və işə yanaşmasıdır”.

Əlbəttə ki, belə “təkzibdən” sonra Baş prokuror və nəqliyyat nazirinin şirkətə aidiyyəti barədə şübhələr daha da artdı. Lakin “Akkord”la bağlı kreditin taleyi istintaqı da, məhkəməni də maraqlandırmadı. Necə ki, Beynəlxalq Bankda ciddi maliyyə problemlərinin yaranmasında Maliyyə Nazirliyinin rolu da araşdırılmadı. Hərçənd, prosesin gedişində Cahangir Hacıyev çoxillik maliyyə naziri Samir Şərifovu düşünülməmiş qərarların verilməsində ittiham edirdi. Məsələn, Azərbaycan iqtisadiyyatında ciddi silkələnməyə səbəb olan devalvasiyanın baş verməsində.

Hacıyev məhkəmədə nə demişdi?

Məhkəmə iclas protokolunda Cahangir Hacıyevin dediyi fikirlər əksini tapıb: “Məni ittiham edirlər ki, verilən kreditlərin bir hissəsi qaytarılmayıb. Halbuki onların bağlanması üçün müəyyən edilmiş müddət hələ başa çatmayıb. İndi hamı kredit götürür. Ölkədə iki milyon adamın banklara borcu var. Belə çıxır ki, bank sistemini ləğv edib, kredit verənlərin də hamısını tutmaq lazımdır?”.

Hacıyev yada salıb ki, Beynəlxalq Bankın Auditor Komissiyasının (Müşahidə Şurası) üzvləri Maliyyə Nazirliyinin əməkdaşları olub: “Onlar bankda oturub bütün qərarlara imza atırdılar. Lakin nədənsə ittiham aktında Auditor Komissiyası, Maliyyə Şurası, Bankın İdarə Heyəti ilə bağlı heç bir fakt yoxdur”.

Məhkəmə prosesinin gedişində Hacıyev bəyan etdi ki, əgər onu ittiham edirlərsə, o zaman Samir Şərifov da ən azı, onunla yanaşı müttəkimlər kürsüsündə oturmalıdır.

Məhkəmə Hacıyevin dediklərinə əhəmiyyət vermədi. Şərifovun şahid qismində dindirilməsi üçün məhkəməyə çağrılması barədə vəsatətə də rədd cavabı verildi. Beynəlxalq Bankın keçmiş rəhbəri isə 15 il həs cəzasına məhkum edildi. Cinayət işi üzrə təqsirləndirilən şəxslərin bəzilərinə şərti cəzalar, qalanlarına isə 8 il 6 aya qədər həbs verildi.

2.9 milyrdın sirri

Şərti cəza alanlar arasında Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri olmuş Kənan Orucov da vardı. Ona üç il şərti cəza verilmişdi. Məhz bu filial vasitəsilə “Danske Bank”ın Estoniya filialına, oradan da Britaniyada qeydiyyatdan keçmiş şirkətlərə 2.9 milyard dollar pul köçürülüb. Bu köçürmələr də istintaqı və məhkəməni maraqlandırmadı.

Kənan Orucova verilmiş üç il şərti cəza da sual yaradır: ona qarşı belə humanizm onun rəhbərlik etdiyi, Beynəlxalq Bankın 35 filialından biri olmasına baxmayaraq, baş ofisdən sanki ayrı muxtariyyət kimi fəaliyyət göstərən bu filialdan “çamaşırxana” kimi istifadə edilərək ölkədən çıxarılan 2.9 milyard dolların ABŞ və Avropa siyasətçilərinin satın alınmasına yönəlməsi barədə bildikləriylə əlaqəli ola bilərdimi? Çünki, bildiklərini danışa bilərdi.

Aydındır ki, Nəqliyyat filialında konkret bank əməliyyatlarına nəzarət və onların monitorinqi bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin birbaşa vəzifə öhdəliklərinə aid məsələ deyildi. Lakin dövlətin nəzarət orqanlarının belə şübhəli köçürmələrə diqqət yetirməməsi, prokurorluğun məsələni araşdırmaq istəməməsi təəccüb yaradır. Bəlkə ona görə ki, “Azərbaycan landromartı” Cahangir Hacıyevdən kənarda, o, 2015-ci il martın 18-də vəzifəsindən gedəndən sonra da, hətta o, həbs edilib, 15 il cəzaya məhkum ediləndə də fəaliyyətini davam etdirirdi.

Dəfnəni necə dəfn etdilər?

OCCRP-nin araşdırmalarının həyata keçirilməsində iştirak etmiş məşhur azərbaycanlı jurnalist Xədicə İsmayılova hesab edir ki, Cahangir Hacıyevi korrupsiyaya görə yox, Azərbaycan prezidenti İlham Əliyevə loyal olmadığına görə cəzalandırıblar: “Biz hələ 2010-cu ildə Beynəlxalq Bankın ciddi zəmanətlər olmadan verdiyi kredirlərlə bağlı araşdırma aparmışdıq. Lakin hakimiyyət həmin araşdırmanın nəticələrinə əhəmiyyət vermədi”.

Görünür, istintaqçılar başa düşürdü ki, ölkədən çıxarılan pulların mənşəyilə bağlı hərtərəfli araşdırma Azərbaycanın siyasi elitasına aparıb çıxara bilər. Bu cür ifşalar isə fəlakətli nəticələrə səbəb olar.

Jurnalist Xədicə İsmayılovanın korrupsiya araşdırmaları onun haqqında saxta ittihamlarla cinayət işi başlanıb, həbs olunmasına gətirib çıxardı…

2017-ci ilin yaz və yayında “Malta İndependent” qəzetində Dəfnənin araşdırmaları dərc olunmuşdu… Lakin o, araşdırmalarını yekunlaşdıra bilmədi – 16 oktyabr 2017-ci ildə jurnalistin avtomobilinə partlayıcı qoyuldu və o, qətlə yetirildi.

Kapitalın üçdə birilə bağlı sual

Azərbaycandan 2.9 milyard dolların çıxarılmasıyla bağlı OCCRP-nin araşdırmasında əksini tapan faktların Azərbaycanın müvafiq orqanları tərəfindən niyə araşdırılmadığı izah etmək üçün əlavə şərhlərə ehtiyac varmı? Təəccüb yaradan başqa məsələdir: istintaq məhkəməyə sübut təqdim edib ki, Azərbaycan Beynəlxalq Bankının səhmlərinin üçdə birinə Cahangir Hacıyev nəzarət edib. Məhkəmənin hökmündə isə yazılıb ki, Hacıyev və ailəsinə məxsus 184 milyon manatlıq səhmlər Beynəlxalq Banka qaytarılıb.

Bu yerdə yada salmaq lazımdır ki, Cahangir Hacıyev Beynəlxalq Bankın İdarə Heyətinin sədri postuna 2001-ci ilin martında, o dövrdə Azərbaycanın prezidenti olan Heydər Əliyevin təklifini qəbul edərək gəlib. O vaxta qədər Hacıyev artıq uğurlu sahibkar idi və onun banka gəlişi dövlət qulluğuna keçid deyildi. Baxmayaraq ki, Beynəlxalq Bankın səhmlərinin yarıdan çoxu dövlətə məxsusdur, o, tam dövlət bankı deyil. Banka rəhbərlik edən Hacıyev həm də onun səhmlərini almağa başlayıb. Səhmlərin sahibləri arasında həm fiziki, həm də hüquqi şəxslər vardı. Artıq 2010-cu ildə səhmlərin 30 faizi şəxsən onun nəzarətində idi. Lakin onların cəmi 0.2 faizini öz adına rəsmiləşdirmişdi. Qalanı isə qohumları və yaxın dostlarının adına idi.

Beynəlxalq Bankın illik maliyyə hesabatlarından görünür ki, bank mütəmadi dividendlər ödəyib. Məsələn, 2008-2010-cu illədə Beynəlxalq Bankın səhmlərinin Hacıyevin nəzarətində olan üçdə bir hissəsinə illik təxminən 10 milyon dollar ödənilib. 2011-ci ildə bank dividend ödənişini məhdudlaşdırıb, gəlirlərin böyük hissəsini bankın inkişafına yönəltdi. Hətta o ildə də Hacıyevin nəzarətində olan səhmlərə görə 2.5 milyon dollar dividend hesablanmışdı. Ümumilikdə isə 2015-ci ilə qədər Beynəlxalq Bankın Cahangir Hacıyevin nəzarətində olan səhmlərinə görə dividend olaraq 50 milyon dollardan çox vəsait ödənilib. Bu da məsələn, Zamirə Hacıyevanın Londonda daşınmaz əmlak alışı üçün ödədiyi məbləğdən xeyli çoxdur. Britaniya hökuməti hazırda ondan həmin əmlaka görə hesabat tələb edir.

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevi ideallaşdırmaq istəmirəm. Səhmlərin saxta adlara rəsmiləşdirilməsi əlbəttə ki, qətiyyən yaxşı hal deyil. Ancaq bu, hətta Azərbaycan qanunvericiliyinə görə də cinayət sayılmır. Görünür, Azərbaycanın ən böyük bankının səhmlərinin üçdə birinin ona məxsusluğunu gizlətməsi üçün ciddi əsasları olub.

Bundan başqa, Hacıyevin istefasından az öncə bankın səhmlərinin dünyadakı böyük birjalarda istifadəsi üçün hazırlıq proseslərinə başlamışdı. Bunun üçün əvvəlcə Beynəlxalq Bankın səhmlərinin dövlətə məxsus nəzarət paketi özəlləşdirilməliydi. Məhz həmin vaxtda prezident İlham Əliyevə çatdırıblar ki, Cahangir Hacıyev Beynəlxalq Bankın səhmlərinin dövlətə aid olan nəzarət paketini əldə etmək niyyətindədir. Bu işi reallaşdırmaq məqsədilə kredit almaq üçün artıq Qərbdə danışıqlara da başlayıb. Danışıqlar əvvəlcədən hazırlanıb və Azərbaycanın hakim elitasıyla razılaşdırılmamışdı. Görünən budur ki, Cahangir Hacıyevə bunu bağışlamadılar.

Cahangir Hacıyev hətta Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən gedəndən sonra da bankın dövlətə məxsus səhmlər paketinin alqı-satqısında iştirakdan imtina etmədi. Bu prosesin hazırlıqları 15 iyul 2015-ci ildə başladı. Həmin vaxt prezident İlham Əliyev dövlətə məxsus səhmlərin özəlləşdirilməsi barədə fərman imzaladı.

Cahangir Hacıyevlə bağlı informasiyanın İlham Əliyevə necə çatdırıldığını isə yalnız təxmin eləmək olar. Bəlkə də onun hərəkəti açıq-aşkar utanmazlıq kimi təqdim olunub. Və Azərbaycan prezidenti Hacıyevin həbsinə razılıq verib…

* * *

Bu məqalə üzərində iş sona yaxınlaşarkən Bakıdan xəbər gəldi ki, Cahangir Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu dəfə onun haqqındakı cinayət işi həm də Rusiya ilə – Azərbaycan Beynəlxalq Bankının Moskva filialıyla bağlıdır. Yenə də çoxsaylı ittihamlardan ibarət maddələr buketi var, o cümlədən də vergidən yayınma.

“Novaya qazeta” Rusiya ilə bağlı 360 cildlik bu cinayət işi üzrə proseslərin gedişini izləyəcək.

İyrek Murtazin, “Novaya qazeta”, 7 noyabr, 2018-ci il >> (ixtisarla)

Tərcümənin müəllifi: Azadlıq.info>>

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.