Əlilliyə çıxmağın qiyməti nə qədərdir?

Dərc edildi:
Şərhlər 0

Şəki Rayon Xəstəxanası

Əlillərin sayına görə Azərbaycanın dünyada neçənci olduğunu bilməsək də, bilirik ki Azərbaycanda 600 mindən çox şəxs rəsmən əlil hesab edilir və buna görə də güman etmək olar ki Azərbaycan ön sıralarda olmalıdır.

Əlilliyə görə təqaüdə çıxmaq, müavinət almaq son illərə qədər Azərbaycanda bir növ sosial layihə kimi bir şey idi. İki min manata istənilən şəxs əlilliyə çıxa bilirdi, istər əlil olsun, istərsə də olmasın. O cümlədən, istənilən əlil arzusuna uyğun olaraq sağlam şəxs hesab oluna bilərdi, təbii ki bunun da öz qiyməti vardı.

Amma bəzi kateqoriyalı həqiqi əlillər üçün heç vaxt rüşvət tələb olunmayıb təbii ki. Məsələn, kiminsə ayağı kəsilibsə o, avtomatik olaraq əlilliyə görə təqaüdə çıxarılmışdı, indi də belə davam etməkdədir.

Amma elə kateqoriyalı həqiqi əlillər var ki, onlara əlillik dərəcəsini rayon xəstəxanasının Həkim Məsləhət Komissiyası vasitəsi ilə Səhiyyə Nazirliyinin müvafiq komissiyası verməlidir. Bax burada xiyar əyri bitir.

Əlillik dərəcəsi almaq istəyən şəxslər sənədlərini rayon Həkim Məsləhət Komissiyasına təqdim edirlər, onlara cavab verilir ki, get altı aydan sonra gəl, başa düşürsən də, ALTI! Əslində isə rayon Həkim Məsləhət Komissiyası həmin sənədləri avtomatik olaraq qəbul edib Səhiyyə Nazirliyinə göndərməli idi. Səhiyyə Nazirliyinin müvafiq komissiyası əlilik dərəcəsi almaq istəyən şəxsin sənədlərini yoxlayıb qərar qəbul etməlidir, ya əlillik dərəcəsi verilməsin, ya verilsin, verilirsə, neçənci qrup.

Şəki sakini Nəbi Hüseynbəyli uzun müddətdir «fəqərəarası disklərin, fəqərə cisimlərinin deqenerativ dəyişiklikləri, şmorl düyünləri proruziyaları, L4-L5 səviyyəsində sabitliyin pozulması, L4 fəqərəsinin minimal retrolistezi» diaqnozu ilə xəstəlikdən əziyyət çəkirdi. Müalicə almadığından, xəstəliyi şiddətlənib, ötən il ona «L4-l5 fəqərələrin vərəm spondiliti, spondilitik faza, qızğın dövr» diaqnozu qoyulub. Şəki Vərəm Əleyhinə Xəstəxananın 18 oktyabr 2018-ci il tarixli arayışında onun 2 oktyabr 2018-ci il tarixdə qeydiyyata düşdüyü və 1-ci sıra dərman perepatları ilə müalicəsinin başlandığı göstərilir. Amma özünün dediyinə görə bu xəstəliyə səbəb olmuş əvvəlki xəstəliklə heç kim maraqlanmır, hansı ki həmin xəstəliyə görə əlillik dərəcəsi almalı idi.

Xəstəliyi səbəbdən əmək qabiliyyətini itirən Nəbi Hüseynbəyli, əlillik dərəcəsi almaq üçün sənədlərini 8 oktyabr 2018-ci il tarixdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etsə də, komissiyanın sədri Elçin Əmirov və komissiyanın həkimi Şəlalə Bayramova onun sənədlərini qəbul etmirlər, deyirlər get altı aydan sonra gəl, başa düşürsən də, ALTI!

Nəbi Hüseynbəyli buna görə aidiyyəti olan bir çox şəxslərə və qurumlara rəsmən müraciət edib, bəzisindən cavab heç gəlməyib, bəzisindən isə cavab gəlib, amma hamısı eyni şeyi təkrar edir: Cənab Nəbi Hüseynbəyli, sizin sənədləriniz Səhiyyə Nazirliyinin işçi qrupu tərəfindən araşdırılır! Halbuki, cənab Nəbi Hüseynbəylinin sənədləri özündədir, Şəki Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası onun sənədlərini qəbul etməyib, etməyibsə, Səhiyyə Nazirliyinə də göndərilməyib və göndərilməyibsə, Səhiyyə Nazirliyinin işçi qrupu da həmin sənədləri araşdırmır təbii ki…

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.