Kamran Nəbizadə kəlağayıdan niyə danışmadı?!

Dərc edildi:

«Azərbaycan Sənaye Korporasiyası» Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə yanvarın 15-də Trendə verdiyi müsahibəsində Şəki İpək kombinatı haqqında fikirlərini də bölüşmüşdür; o, deyib ki,

«Qeyd edim ki, hazırda «Azərtütün ASK» MMC, «Azərpambıq ASK» MMC«Azəripək» MMC müəssisələri üzrə beş illik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün istehsal prosesinin bütün halqalarına, o cümlədən keyfiyyətli xammal bazasının yaradılması üçün torpağın və toxumun seçilməsi, bitkilərin becərilməsi, məhsul yığılması, tədarükü, emalı mərhələlərinə xüsusi diqqət yetirilməlidir…

Korporasiyanın nəzdində olan «Azəripək» MMC-yə gəldikdə, 2018-2025-ci illər üzrə dövlət proqramına əsasən ötən il 513 ton yaş barama tədarük edilib. Bundan 52-55 ton hazır xam ipək, iplik əldə edilməsi planlaşdırılır. 2018-2025-ci illər üzrə dövlət proqramına əsasən, artıq 2019-cu ildə 1000 ton yaş barama tədarükü gözlənilir və 1000 ton yaş baramanı tədarük etmək üçün müvafiq tədbirlər proqramı tərtib edilib. Həmin proqramın icrasına artıq ötən ildən başlanılıb. Proqram çərçivəsində Çindən 2 ədəd barama boğan avadanlığı satın alınıb. Bundan əlavə, «Azəripək» MMC-yə məxsus dəyirmanın ərazisində 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanı ilə yanaşı, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur. «Azəripək» MMC-də mövcud buxar xətlərinin istismar vaxtı bitdiyi üçün onların yenidən qurulmasına və əlavə 10 tonluq buxar qazanının quraşdırılmasına zərurət yaranıb. 2019-cu ildə bu problemin də həlli üçün işlər aparılacaq».

Məlumat üçün əlavə edək ki, Şəki ipək kombinatı «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin mülkiyyətinə keçən kimi kombinatın 333 işçisi aldadılaraq «öz xahişləri» ilə işdən çıxarılmış, bunlardan 129 nəfər toxucu istehsalatının, 37 nəfər isə burucu sexinin işçisi idi.

2018-ci ilin fevral ayının 1-dən etibarən toxucu istehsalatında və burucu sexinində iş dayandırılmışdır. Deməli, 2018-ci ilin fevral ayının 1-dən etibarən Azərbaycanda kəlağayı toxunmur. Azərbaycana kəlağayı Türkmənisatandan xam şəkildə gətirilir.

Kamran Nəbizadə daha əvvəl «İpəkçi» qəzetinə yazdığı cavabda 15 min ədəd kəlağayı toxutduracağını bəyan etsə də, Trendə müsahibəsində kəlağayının adını çəkmir. Kombinatın işçiləri isə inanırlar ki, fevralın 1-dən, yaxud 15-dən etibarən burucu sexinin və toxucu istehsalatının işi bərpa olunmalıdr. Təəssüflər olsun ki, onların inamları hələ heç nəyi həll etmir. Burada biznes maraqları da təəssüf ki, heç bir gücə malik deyil. Burada biznesdən, iqtisadiyyatdan danışmağın isə heç yeri yoxdur, ipək dövlətə 130 manata başa gəlir, dövlət ipəyi 70 manata satır. Kəlağayıya tələbat var, amma sexləri, dəzgahları dayandırıb, işçiləri işdən çıxarırlar, kəlağayı istehsal etmirlər…

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.