Şəki ipək kombinatının mövcud durumu və perspektivi ilə bağlı Prezident İlham Əliyev cənablarına müraciət

Dərc edildi:
Şərhlər 0

Çox hörmətli Prezident İlham Əliyev cənabları.
Əvvəlcə vurğulamaq istəyirik ki, Şəki ipək kombinatının əmək kollektivi, o cümlədən mühəndis-texniki işçiləri, daima öz üzərində Sizin diqqət və qayğınızı hiss etməkdədir. Təsadüfi deyil ki, respublikada ipəkçiliyin acınacaqlı vəziyyəti ilə bağlı 29.01.2016-cı il tarixdə Sizə etdiyimiz müraciətimizdən az sonra bu sahədə əhəmiyyətli müsbət dəyişikliklər baş vermiş, 2016-cı ildə 70 ton, 2017-ci ildə 244 ton, ötən il 513 tondan çox yaş barama tədarükü baş tutmuş, bu il üçün isə azı 800 ton yaş barama tədarükü planlaşdırılıb. Şəki ipək kombinatına pambıq iplik istehsal etmək üçün mahlıc verilməməsi və bununla əlaqədar olaraq kombinatın pambıq əyirici sexinin fəaliyyətsiz qalması, işçilərinin maaş almaması ilə bağlı ötən ilin əvvəllərində Sizə etdiyimiz növbəti müraciətdən az sonra isə Şəki ipək kombinatına 1209 ton mahlıc ayrılmış, nəticədə kombinatının pambıq əyirici sexi bir illik fasilədən sonra yenidən fəaliyyətə başlamışdı. Düzdür, bundan sonra həmin sexin işləməsinə qarşı olan qüvvələr il ərzində sexin fəaliyyətini əsassız bəhanələrlə iki dəfə 2-3 aylıq müddətə dayandıra bildilər, lakin Sizə yenidən müraciət edəcəyimizdən çəkinərək sonda sexin işləməsinə imkan veriblər. Hal-hazırda sex fəaliyyətdədir, buna görə sizə minnətdarıq.

Hörmətli İlham Əliyev cənabları.
Ötən il iqtisadiyyatla bağlı bütün çıxışlarınızda Şəki ipək kombinatının adını çəkmisiniz. Bu, təbii ki ipəkçiliyə və ipək sənayesinə böyük diqqət və qayğı göstərməyinizlə bağlı idi. Cənab Prezident, lakin böyük diqqət və qayğınıza baxmayaraq, aidiyyəti olan şəxslərin məsuliyyətsizliyi, laqeydliyi və qərəzkarlığı ucbatından Azərbaycan ipək sənayesinin vəziyyəti acınacaqlı olaraq qalmaqdadır. 1931-ci ildən fəaliyyət göstərən Şəki ipək kombinatı bu gün bəlkə də bütün tarixi ərzində ən acınacaqlı və ümidsiz dövrünü yaşamaqdadır. Elə buna görə də bu sahələrdəki əsas problemləri birbaşa sizin nəzərinizə çatdırmağı özümüzə borc bilirik:

1. Subsidiya ilə birlikdə bir kq-ı 130 manata başa gələn ipək, 70 manata xarici ölkələrə satılır.

2. Azərbaycan kəlağayı sənəti 2014-cü ilin sonunda «Kəlağayı simvolizmi və ənənəvi sənəti» adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilsə də bu gün Azərbaycanda kəlağayı toxunmur. Kəlağayı Azərbaycana xam şəkildə Türkmənistandan gətirilir.

3. Şəki ipək kombinatının toxucu istehsalatı və burucu sexi artıq bir ildir ki işləmir, birincinin 129, ikincinin isə 37 nəfər işçisi aldadılaraq «öz xahişləri» ilə işdən çıxarılıblar. Bununla bağlı «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadəyə aidiyyəti üzrə müraciət etsək də o, bizə yalnız aidiyyəti olmayan belə bir cavab verdi: «işə qəbul prosesləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilir». Başqa sözlə, biz işçilərin Əmək Məcəlləsinə zidd olaraq işdən çıxarılmasından söhbət açırıq, o, isə işçilərin işə qəbul olunmasından?! Kamran Nəbizadə bundan başqa bildirir ki, «həmin istehsalatlarda və sexdə çalışan işçilər tələbata uyğun olaraq müəssisənin digər fəaliyyət sahələrinə cəlb olunurlar»?! Həqiqətdə isə toxucu istehsalatının və burucu sexinin işçiləri artıq bir ildir ki işsiz və sosial təminatsızdırlar, evdə oturublar, onlardan yalnız bəziləri ötən il barama qəbuluna cəlb olunmuşdular, bu da cəmi bir-iki ay davam edib.

4. «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadə Şəki ipək kombinatının toxucu istehsalatının və burucu sexinin dayandırılmasını belə izah edir: «avadanlıqların köhnə olması və bazar tələbatına uyğun məhsul istehsal etmək mümkün olmadığı üçün onların fəaliyyəti rentabelli olmadığına görə müvəqqəti dayandirılmışdır»?! Lakin əslində toxucu istehsalatındakı STB markalı toxucu dəzgahlarının bir qədər köhnə olması kəlağayı istehsalı üçün heç bir maneə yaratmırdı. Həmin istehsalatın fəaliyyəti 2002-ci ildə, ulu öndər Heydər Əliyevin Şəkiyə gəlişi zamanı bərpa olunmuşdu və bundan sonra düz 2015-ci ilə kimi normal davam edib. 2002-ci ildən 2015-ci ilə kimi hər ay orta hesabla 20 min ədəd xam kəlağayı toxunub və bunun böyük hissəsi xaricə satılıb. Xarici ölkələrdə Şəki kəlağayısına böyük diqqət və tələbat vardı. Lakin 2015-ci ildə Nizami Qəribov Şəki ipək kombinatına baş direktor təyin olunan kimi, kəlağayı istehsalını dayandırmağa qərar verdi. Nizami Qəribov ipəkçilik və toxuculuq sənayesindən heç bir anlayışı olmayan şəxs idi. Olsa-olsa, bir az pambıqdan başı çıxa bilərdi, çünki kombinata baş direktor təyin olunana qədər kombinatın pambıqəyirici sexində nəzarətçi işləmişdi…


Nizami Qəribov (mərkəzdə) Azərbaycan Sənaye Korporasiyası ASC-nin 7 fevral müşavirəsində Şəki İpək kombinatının yun istehsalına keçməsi (?!) barədə «məşhur» çıxışına hazırlaşarkən (Bax: Şəki ipək kombinatının mövcud durumu Azərbaycan Sənaye Korporasiyası ASC-nin müşavirəsində müzakirə edilib) .

Cənab Prezident.
Əgər Şəki ipək kombinatı ilə bağlı bir komissiya yaradılarsa, bizim deyəcək sözümüz çoxdur, bu müraciətimizdə isə yalnız ən vacib məsələləri Sizin nəzərinizə çatdırmağa çalışdıq; istədik Siz biləsiniz ki, 129 nəfər işçisi olan, gündə azı min ədəd xam kəlağayı istehsal etmək gücündə olan, dəzgahları işlək vəziyyətdə olan, istehsal etdiyi məhsula dünya bazarında tələbat olan, müştərisi qapısının ağzında duran bir istehsalat hansısa qərəzli məqsədlərlə dayandırılır, işçiləri işsiz qoyulur, ölkə iqtisadiyyatına zərbə vurulur, adını da qoyurlar ki guya «avadanlıqların köhnə olması və bazar tələbatına uyğun məhsul istehsal etmək mümkün olmadığı üçün onların fəaliyyəti rentabelli olmadığına görə müvəqqəti dayandirılmışdır»?! Bunu Kamran Nəbizadə yazırsa da, məsuliyyət Şəki ipək kombinatının baş direktoru Nizami Qəribovun üstündədir, təbii ki, Kamran Nəbizadəyə yalan məlumatı o verib.

Cənab Cənab Prezident. 2002-ci ildən 2015-ci ilə qədər – Nizami Qəribovun direktor təyin olunmasınadək, kombinatın toxucu istehsalatında ayda orta hesabla 20 min ədəd xam kəlağayı toxunmuşdur. 2015-ci ildən sonra isə ipək olandan olana, ötən ilin əvvəllərinədək, yenə ayda 20 min ədəd kəlağayı toxunub. Əgər doğrudan da, «bazar tələbatına uyğun məhsul istehsal etmək mümkün» deyilsə, onda deməli, 15 il ərzində və bundan sonra istehsal olunmuş bütün kəlağayılar anbarda yığılıb qalmalı idi. Anbarda isə kəlağayı yoxdur, çünki hamısı satılıb. Bəs kəlağayı satılırsa, niyə yalandan deyirlər ki satılmır, «bazar tələbatına uyğun məhsul istehsal etmək mümkün» deyil?! Görünür, ipəyi xarici ölkəyə maya dəyərindən ucuz satmaq kimlərəsə yaxşı qazanc gətirir, buna görə də müxtəlif bəhanələrlə kombinatın toxucu istehsalatına ipək vermək və toxucu istehsalatının işləməsini – kəlağayı toxunmasını istəmirlər. Xahiş edirik məsələnin araşdırılmasına göstəriş verəsiniz. Əvvəlcədən təşəkkür edirik.

Şəki ipək kombinatının əmək kollektivi, o cümlədən mühəndis-texniki işçilərinin xahişi ilə müraciəti hazırladı: Aydın Məmmədov, «Şəkinin səsi» -«İpəkçi» qəzetlərinin baş redaktoru.

PDF >>

Həmçinin, bax: Sumqayıtdakı tikiş fabriki üzərindən maliyyə maxinasiyası?! >>

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.