Ən çox barama verən rayonun icra başçısına “Vətənə xidmətə görə” ordeni verildi...

Dərc edildi:

Yanvarın 29-da, gündüz saatlarında “Azərbaycan Respublikası Prezidentinti İlham Əliyevin sədrliyi ilə regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

İlham Əliyev konfransı giriş nitqi ilə açdıqdan sonra, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Naxçıvan Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin Bağırov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Saloğlu” firmasının direktoru Tacəddin Mustafayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Muğan Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəcəb Orucov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, “Hacıqabul Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nemət Babaşov çıxış ediblər.

Şəki şəhər İcra hakimiyyəti başçısı çıxışında ipəkçiliklə bağlı məqamlar

Şəki şəhər İcra hakimiyyəti başçısı Elxan Usubov, sağda, regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda. İlham Əliyev konfransı giriş nitqi ilə açdıqdan sonra, çıxış etmək üçün ikinci olaraq tribunaya qalxmışdır…

Hörmətli cənab Prezident, Şəki həm də tarixən ipəkçilik diyarı kimi tanınır. Sizin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığınız Sərəncam respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində atılan mühüm addımdır. Məhz Sizin təşəbbüsünüzlə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, “Azəripək” MMC öz fəaliyyətini bərpa edib, ötən il 514 ton yaş barama tədarük olunub. İpəkçiliyin inkişafı sahəsində görülən tədbirlər şəhər əhalisinin məşğulluq probleminin həll olunmasında mühüm rol oynayıb. Hazırda müəssisədə 600 nəfərə yaxın işçi çalışır ki, onun da əksəriyyətini qadınlar təşkil edir. Artıq keyfiyyətli Şəki ipəyindən istehsal olunan müxtəlif məhsulların Avropa bazarlarına çıxarılması istiqamətində iş aparılır. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan ipəkçiliyin inkişafı barama istehsalının artırılmasını tələb edir. Bu məqsədlə yem bazasının genişləndirilməsi üçün son 3 ildə 376 min tut tingi əkilib. Rayonda 2018-ci ildə 48 ton barama istehsal edilib, 2851 nəfər işlə təmin olunub, kümçülər, ümumilikdə, 400 min manatdan çox gəlir əldə ediblər.

İlham Əliyevin yekun nitqində Şəki ipək kombinatına aid məqamlar

İplik və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var. Bizdə iplik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür. Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar iplik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və ölkəmiz üçün çox faydalı bir işdir. Eyni zamanda, ipəkçiliyin inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Artıq Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzi yaradılır. Bu da imkan verəcək ki, biz idxaldan asılılığı azaldaq və gözəl bir zəncir yaradaq, tingdən hazır ipək parçasına qədər. Yenə də dövlət əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraq göstərməlidirlər. Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər…

Baramaçılıq üzrə də müşavirə keçirilmişdir. Burada mənzərə, ümumiyyətlə, çox maraqlıdır. Sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir.

Ən çox barama verən rayonun icra başçısına “Vətənə xidmətə görə” ordeni verildi

Konfransın bitməsinin ardınca Prezident İlham Əliyevin Zərdab Rayonu İcra Hakimiyyətinin başçısı Lütvəli Babəli oğlu Babayevin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Məlumat üçün əlavə edək ki, ötən il respublika üzrə ən çox barama tədarük edən rayon Zərdab olmuşdur və heç bir şübhə yoxdur ki, Lütvəli Babayevin ordenlə təltif olunmasının əsas səbəbi elə budur.

Mənbə: >>

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.