AZƏRTAC: Şəkidə ümumi məhsul buraxılışının həcmi 13 faiz artıb

Dərc edildi:

Ötən il şəkili kümçülər yaş barama istehsalından 400 min manatdan çox gəlir əldə ediblər

Şəki, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC.

2018-ci ildə Şəki rayonunda 459 milyon 235 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 13 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 109 milyon manatdan çox investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 20,7 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Bu müddət ərzində rayonda 2118 yeni və daimi iş yeri açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 12-də Şəkidə 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə yığıncağın keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində bildirib ki, 2018-ci il Şəki rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Oktyabrın 29-da reallaşan səfər zamanı dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, Şəki-Kiş avtomobil yolunun, “ASAN həyat” kompleksinin, qarışıq tipli uşaq evinin yeni binasının, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışlarında iştirak edib.

Diqqətə çatdırılıb ki, respublikanın ən iri aqrar rayonlarından olan Şəkinin kənd təsərrüfatında taxılçılıq əsas istehsal sahələrindən biridir. Ötənilki mövsümdə rayonun taxılçıları 66 min 839 hektar sahədən 221 min ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 33 sentner olub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7 min ton artıb. 2018-ci ilin payızında cari ilin məhsulu üçün 68 min 68 hektar sahədə taxıl səpini həyata keçirilib.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafı ilə bağlı tədbirlər davam etdirilib. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 48 tona çatıb. Mövsüm ərzində baramaçılıq sahəsində 2851 nəfər işlə təmin olunub. Ötən il şəkili kümçülər yaş barama istehsalından 400 min manatdan çox gəlir əldə ediblər. 2018-ci ildə respublikada 514 ton yaş baramanın istehsal edilməsi bölgənin ən iri sənaye müəssisələrindən olan “Azər İpək” MMC-nin ilboyu fəaliyyət göstərməsinə zəmin yaradıb.

Bildirilib ki, 2018-ci ildə rayonda 2977 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb. Cari ildə tütün əkini sahələrinin artırılaraq 1030 hektara çatdırılması proqnozlaşdırılır. Hesabat dövründə rayonda 650 hektarda yeni fındıq bağları salınıb.

Diqqətə çatdırılıb ki, ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyyəyə uyğun olaraq, rayonun Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində “Aqroinkişaf 2017” MMC tərəfindən icarəyə götürülən 8969 hektar sahədə aqropark yaradılır. Ötən il aqroparkın ərazisində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınıb. Suvarma işlərini həyata keçirmək məqsədilə aqroparkın ərazisində 700 min tonluq su anbarı, həmçinin əkin sahələrinin damcı üsulu ilə suvarılmasını təmin etmək üçün 700 tonluq su anbarı tikilir, ərazidə 7,5 kilometr uzunluğunda sahələrarası yol çəkilir.

Bildirilib ki, 2018-ci ildə “Green Faktoru” MMC-nin bağçılıq təsərrüfatında istehsal olunan 800 ton müxtəlif növ meyvə ölkə daxilində satılmaqla yanaşı, Rusiya və MDB ölkələrinə də ixrac edilib. Cari ildə meyvə istehsalının 1400 tona çatdırılması və məhsulun ixrac coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Məruzədə 2018-ci ildə rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, ötən il Baş Zəyzid kəndində tam orta məktəb üçün 624 şagird yerlik və şəhərdəki 3 saylı uşaq bağçccedil;ası üçün yeni binalar tikilib istifadəyə verilib. Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Qayabaşı-Bolludərə-Qaratorpaq kəndlərini birləşdirən avtomobil yolunun çəkilişi işləri davam etdirilib.

Yığıncaqda 2018-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər geniş təhlil olunub. Diqqətə çatdırılıb ki, ötən il 3620 mənzil təbii qazla təmin olunub. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilib. Hesabat məruzəsində, həmçinin 2018-ci ildə Şəkinin mədəni həyatında baş verən yeniliklərdən, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərdən bəhs olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2018-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.

Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan tütünçü fermer Əlövsət Mustafayevə orden təqdim edilib.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.