Şəkidə qəssabların ümumşəhər tətili 8 gündür ki davam edir!

Dərc edildi:
Şərhlər 0


Şəki şəhərindəki yeni istifadəyə verilmiş sallaqxana

Səkkiz gündür ki Şəkidə ət alqı-satqısında problemlər yaşanır. Səbəb bütün rayon üzrə ət kəsiminin Mirzə Fətəli Axundov adına parkın yanında, əvvəllər parka aid olmuş ərazidə yeni istifadəyə verilmiş bir sallaqxanaya yönəldilməsi, qəssabların isə buna etiraz etmələridir. Buna qədər Şəkidə bir gün ərzində 100-150 qoyunun, 20-30 iribuynuzlu heyvanın əti satılmışdı. Qəssabların çoxu heyvanı özü kəsir, bəzisi isə bu işi köməkçisinə gördürürdü, məsələn, bir qoyun üçün 3-5 manat müqabilində, sonra 4 manat da baytara verirdi. Yeni istifadəyə verilmiş sallaqxanada isə bir qoyunun kəsilməsinin qiyməti 10 manatdır, baytar pulu ilə birlikdə. Qəssab orada heyvanı özü də kəsə bilər, bu zaman isə cəmi 2 manat az – 8 manat ödəməlidir. İribuynuzlu heyvanın orada kəsilməsinin qiyməti isə 25 manatdır, amma qəssabın digər xərclər üçün də 25-30 manat ödəməsi lazımdır. Məsələn, heyvanı sallaqxanaya gətirməyin və əti aparmağın, kəsinti zamanı yaranmış tullantının daşınmasının nəqliyyat xərcləri və s. Sallaqxana çox kiçikdir, orada ət kəsimi ilə yalnız 3 nəfər məşğul olur, onların da peşəkar olmadığı deyilir. Gün ərzində kiçik bir sallaqxanada 100-150 qoyunun, 20-30 iribuynuzlu heyvanın kəsilməsi faktiki olaraq mümkün deyil, uzun növbələr yaranır, qəssabları ən çox narahat edən də elə budur.

Şəhərdə yaşanan ət böhranının qismən aradan qaldırılması üçün 30 mart tarixindən etibarən yerli hakimiyyət orqanları tərəfindən bazar yaxınlığındakı Novruz yarmarkasında ət satışı təşkil edilib. 31 mart tariində, günorta saatlarında orada kiloqramı 10 manata satılan kəl ətindən başqa digər növ ət görmədik. Məlumat üçün əlavə edək ki, Avropa standartlarına görə birillik iribuynuzlu heyvanların əti insanlar, yaşı birdən çox olanlar iribuynuzlu heyvanların əti isə itlər üçün nəzərdə tutulur. Aprelin 1-də yenə kəl əti, amma qoyun əti də vardı kiloqramı 11 manata. Hansı ki həmin keyfiyyətdə ətin kiloqramı bir həftə əvvəl bazarda 7-8 manata satılmışdı.

Martın 30-da Şəki qəssablarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə danışıqları olmuşdu. Qəssabların dediklərinə görə qarşı tərəf heç bir güzəştə getmək fikrində deyil. Ona görə də tətili davam etdiriblər. Qida Təhlükəsizliyi Agentliyi qəssablardan bəzilərinin standartlara cavab verən şəxsi sallaqxanalarında da heyvan kəsiminə icazə vermir. Bəhanə edir ki, onların sallaqxanaları standartlara cavab versə də, laboratoriyası yoxdur?! Halbuki, başqa ölkələrdə, məsələn, Türkiyədə sallaqxanalar üçün labaratoriya tələbi irəli sürülmür. Səyyar fəaliyyət göstərən baytar həkimlər əti yerində yoxlayır və satışa yararlı olub-olmadığını müəyyənləşdirirlər. O cümlədən, Türkiyədə sallaqxanası olmayan, yaxud olub, standartlara cavab verməyən qəssabların kəsmək istədikləri heyvanının standartlara cavab verən sallaqxanada kəsilməsi üçün nəqliyyat xərcini də bələdiyyələr ödəyirlər.

Bu arada Şəki rayonunun kəndlərində də heyvan kəsimi ilə bağlı narazılıqlar başlayıb. Deməli, bundan sonra, kənddə yaşayan şəxslər də inəyini, qoyununu kəsib satmaq istəyərsə, bu işi öz həyətində edə bilməz, yalnız şəhərdəki sallaqxanada həyata keçirməlidir?! Elə kəndlər var ki şəhərdən 70 km uzaqdadır. Amma buna baxmayaraq, heyvan kəsmək istəyən kənd sakinləri 70 km yol qət edərək heyvanı nəqliyyat vasitəsi ilə diri şəkildə şəhərdəki sallaqxanaya gətirməli, sonra isə əti götürüb geri dönməlirlər?!

Daha əvvəllər Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda da ət kəsiminin bir sallaqxanaya yönəldilməsinə cəhdlər olmuşdu, amma baş tutmayıb. Yeri gəlmişkən onu da əlavə edək ki, bu, Şəki qəssablarının son bir ildə etdikləri ikinci tətilləridir. Bundan əvvəl isə eyni səbəblə 2018-ci ilin iyul ayında üçgünlük tətil etmişdilər.

Şəki bazarında satışı hələ bərpa edilməyib. Amma şəhərdəki bəzi ət dükanlarında bugündən ət satışına başlanılıb.

Dərc edən:

Şərhlər

Bu yazı barədə hələlik, heç bir şərh yazılmayıb

Şərh yaz

Şərhinizi aşağıdakı müvafiq xanaya yazıb göndərə bilərsiniz. Ulduz (*) işarəsi qeyd olunmuş xanaları doldurmağı unutmayın. Şərhinizi göndərməzdən əvvəl isə bir daha gözdən keçirin.





 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2019, ASIS PRODUCTION.

© 2007 - 2019, IPEKCHI.INFO.