Şəki şəhərinin su təchizatının yenidən qurulması zamanı smart, yoxsa mexaniki sayğaclar quraşdırılmalıdır?

“Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq, – bunalr “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin saytında yazılıb. Layihənin nə vaxtdan həyata keçirilməsi barədə isə məlumat verilmir. İnternetdə yalnız tapa bildik ki, 19 mart 2011-ci il tarixdə AZƏRTAC məlumat yayıb ki, “Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı tərəfindən maliyyələşdirilən…. Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi davam etdirilir “.

19 mart 2019-cu il tarixdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin saytında və Report.az saytında əlavə məlumat verilir ki, “layihənin birinci mərhələsində əhalini  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.

Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

10 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən növbəti dəfə 25,0 (iyirmi beş) milyon manat ayrıldı.

19 iyul 2019-cu il tarixdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icra vəziyyəti ilə tanış olarkən.

Lakin nə “Azərsu” ASC-nin saytında, nə rəsmi sərəncamlarda abonentlər üçün smart, yoxsa mexaniki tiplu sayğacların quraşdırılmalı olduğu barədə məlumat verilmir. Vətəndaşların bununla bağlı “Azərsu” ASC-yə sorğuları da cavabsız qalıb. Bu səbəbdən şübhələr yaranıb ki, layihədə smart tipli sayğacların quraşdırılması nəzərdə tutulmuş, lakin abonentlər üçün ondan 10 dəfə ucuz qiymətdə olan mexaniki sayğaclar quraşdırılmışdır və bu yolla dövlət vəsaiti, xarici qrantlar mənimsənilmişdir.

Şübhələr öz yerində, “İpəkçi” məlumatlar əldə etmişdir ki, “Azərsu” ASC sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün smart tipli sayğaclar quraşdırmalıdır, lakin bu baş vermir, əvəzində sahibkarlıqla məşğul olan fiziki şəxslərdən 900 manat pul tələb edilir. Kim 500 manat verirsə, buna da razı olurlar…

Aydın Məmmədov


“Azərsu” ASC-nə: Məlumat üçün bildiririk ki, “İpəkçi” qəzetinin saytında “Şəki şəhərinin su təchizatının yenidən qurulması zamanı smart, yoxsa mexaniki sayğaclar quraşdırılmalıdır?” başlıqlı yazı dərc etmişik. Məqalədə sizin ASC-nin Şəkidə gördüyü işlər barədə məlumat verilib, sonda Şəki şəhərinin su təchizatının yenidən qurulması zamanı smart, yoxsa mexaniki sayğacların quraşdırılmalı olduğu barədə sual cavabsız saxlanılıb, çünki məlumat tapa bilmədik. Mümkünsə, bu suala cavab verəsiniz. Həmçinin məqalədə qeyri-qanuni olaraq sahibkarlıqla məşğul olan fiziki şəxslərdən sayğac üçün 900 manat pul tələb edildiyini də göstərmişik. Bunu da yoxlayıb, nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik. Məqaləni bu linkdən oxuya bilərsiniz: http://ipekchi.info/2019/10/03/s%c9%99ki-s%c9%99h%c9%99rinin-su-t%c9%99chizatinin-yenid%c9%99n-qurulmasi-zamani-smart-yoxsa-mexaniki-saygaclar-qurasdirilmalidir/
Hörmətlə, Aydın Məmmədov, “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin baş redaktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.