- Digər xəbər və məqalələr

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində aparılan təmir-bərpa işləri zamanı 1759–1780-cı illərdə Şəki xanı olmuş Məhəmmədhüseyn xanın qəbri aşkar edildi

Şəki şəhərinin tarixi hissəsində  – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində, yerləşən Xan məscidinin uzunluğu 45, eni isə 10 metrdir. Məscid 1769/1770-ci ildə (hicri 1183-cü il) Şəki xanı Məhəmmədhüseyn xanın (?–1780) sifarişi ilə tikilmişdir. Məscidin tikintisi başa çatarkən, bu münasibətlə o dövrün məşhur şairlərindən biri –  Hacı Məhəmməd Çələbi əfəndi Zari, 9 beytdən ibarət bir qəzəl yazmış və həmin qəzəlinin içində qapalı maddeyi-tarixlə məscidin tikilmə tarixini göstərmişdir. Bu qəzəllə yanaşı Salman Mümtaz “Riyazülüləma” sözünün də əbcəd hesabı ilə bu məscidin tikilmə tarixi olduğunu bildirib. Hər iki maddeyi-tarix əbcəd hesabı ilə 1183-ə bərabərdir ki, bu da miladi 1769/1770-ci ilə uyğundur.

Salman Mümtazın şəhadətinə görə məscid daha əvvəl “I Cümə məscidi” adlanmışdır və Məhəmmədhüseyn xan özü tikdirdiyi bu məscidin “mehrabı içində”  dəfn edilmişdir.

14 aprel 1853-cü il tarixdə məscid (digər mənbələrdə – maddeyi-tarixlərdə, 1842/1843) Nuxa bazarı ilə birlikdə yanmışdır. Mustafa ağa Şəkixanovun yazdığına görə, o vaxt bazar və Cümə məscidi ilə yanaşı, məscid ətrafındakı evlər də yanğına məruz qalıblar. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov bu məscidi bərpa etdirməyə başlamış, lakin bəzi yerlərini – minarənin başını, pilləkənlərini və yanğına məruz qalmış digər yerlərini bərpa və təmir etdirməyə onun ömrü çatmamışdır. Sovet dövründə məsciddən barama anbarı, “Ziyalılar evi” kimi istifadə edilmiş, Xalq Cəbhəsi dövründə – 1992-ci ildə isə məscid “Azəri” adlanan qeyri-leqal dini icma üzvlərinin sərəncamına verilmişdir. Sonuncular məscidi daima bağlı saxlamış, hansısa təmir-bərpa işlərinə və icma üzvü olmayan şəxslərin orada ibadət etməsinə düz 30 ilə yaxın müddət ərzində imkan verməmişdilər! 10 ildən artıq davam etmiş məhkəmə çəkişmələrindən sonra məscid “Azəri” icmasından geri alınaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin balansına daxil edilmiş və dərhal da orada təmir-bərpa işlərinə başlanılmışdır.

Bir neçə aydır ki Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində təmir-bərpa işləri davam edir. Şəki Xan məscidi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşdiyinə görə təmir-bərpa işləri çərçvəsində məhz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən institutun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun rəhbərliyi altında məscid ərazisində və məscidin ətrafında arxeoloji qazıntılar da aparılmaqdadır.

Zaur Həsənov iyun ayının sonunda mediaya verdiyi müsahibəsində vurğulamışdır ki, Məhəmmədhüseyn xanın qəbrinin yerini dəqiqləşdirmək üçün Salman Mümtazın şəhadətinə uyğun olaraq Şəki Xan məscidinin içində arxeoloji qazıntılara başlanılmış, məscidin 1-ci mehrabının qarşısında, 1-2 metr qərb tərəfdə qəbir daşları aşkar olunmuşdur. Və çox güman ki, bu Məhəmmədhüseyn xanın qəbridir.

İyulun 3-də, günortadan sonra həmin yerdə arxeoloji qazıntılar davam etdirilərkən insan sümükləri, hətta bir ədəd güllə də aşkar edilmişdir. Məlum olduğu kimi, Məhəmmədhüseyn xan edam edilməzdən 1 həftə əvvəl güllə ilə yaralanmışdı…

Məhəmmədhüseyn xanı kimlər öldürüb və niyə öldürüblər?

Məhəmmədhüseyn xan Şəki xanı Hacı Çələbi xanın nəvəsidir. Atası Həsən ağa isə hələ Hacı Çələbi xanın sağlığında bir döyüşdə həlak olmuşdur.

1755-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəkidə hakimiyyətə keçmişdi. Lakin 4 il sonra o, Ərəşdə Qazıqumux hakimi Məhəmməd xan tərəfindən sui-qəsdlə öldürüldü. Bundan sonra isə Məhəmməd xan Şəki xanlığının paytaxtı olan Nuxanı da  (indiki Şəki) tutdu. Lakin bu hadisələr vaxtı Nuxanı tərk etmiş Məhəmmədhüseyn xan, Məhəmməd xanın Nuxaya daxil olmasının 40-cı günü qonşu xanların hərbi yardımı ilə Nuxanı Məhəmməd xandan geri ala bildi və özünü Şəki xanı elan etdi.

Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldürtdürdü. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza qaçdı (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada idi). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində, Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbrahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün (amma İbrahim xan Məhəmmədhəsən ağanı öldürməmiş, siyasi məqsədlər üçün gizlincə saxlamışdı).

1780-cı ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə xəlvəti gəlib Nuxa ətrafındakı dağlarda gizləndilər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı mühasirəyə aldılar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərdi; oğlu tüfəngi doldurub verdi, o isə atəş açdı. Amma sonda yaralanaraq təslim olmağa məcbur oldu. Bundan sonra hakimiyyət Hacı Əbdülqadir xanın əlinə keçdi. Məhəmmədhüseyn xanı isə bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam etdilər.

Məhəmmədhüseyn xan “Müşaqi” ədəbi təxəllüsü ilə şeirlər yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır.

Faciəli ölümü münasibəti ilə o dövrün ən məşhur şairlərindən biri olan Molla Vəli Vidadi özünün “Müsibətnamə” adlı məşhur müxəmməsini qələmə almışdır.

Aydın Məmmədov

 

 

Bir cavab yazın