- Digər xəbər və məqalələr

Şəkidəki köhnə evlərdən birinin darvazası…

Firəngiz Əsgərzadə

 

Hörmətli dostlar!

Bu şəkillərə diqqətlə baxın: Yəqin ki buranın Krım yarımadasındakı katakombaların, yaxud Misir pramidalarının giriş qapısı olduğunu zənn edəcəksiniz. Ancaq səhv edirsiniz. Bura müasir Şəkimizin YUNESKO-nun “fəxri” siyahısına daxil edilmiş mərkəzi küçələrindən biri, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun adını daşıyan küçədəki XIX-cu əsirdən bizlərə memarlıq abidəsi kimi yadigar qalmış adi yaşayış evinin əsas giriş qapısı, yəni darvazasıdır. Sual oluna bilər, “bəs niyə bu bədbəxt “darvaza” belə dərinliyə düşüb ki ondan istifadə etmək, qalxıb-düşmək belə müşkül məsələyə çevrilib və niyə bu binaya gəlib-gedənlərin hamısı başının salamat qalmasından ehtiyat etməlidirlər? Niyə ahıl çağında olan qohum əqrəba isə ayaqlarının sınmasından ehtiyat edərək hətta xeyir-şər hadisələri zamanında belə buraya təşrif buyurmaqdan imtina etməli olurlar? Əlbəttə, vaxtilə bu bina və onun darvazası tikilən zamanlarda onun qapısı da çöl tərəflə-küçə ilə bir səviyyədə quraşdırılıb. Sonralar isə küçələr müasirləşdirlib landşaftın quruluşu nəzərə alınmadan asfalt qatlarla örtüldükcə, bu qapı “aşağı” düşüb və indiki vəziyyətə – küçədən bir metrdən də aşağı səviyyədə qalıb ki, Şəkinin güclü yağışlar, sellər mövsümündə həmin suların güclü axınla həyətə, evə xəsarət gətirməməsi mümkün olmur. Yeganə çıxış yolu kimi həmin darvazanın sökülüb yenisi ilə əvəz olunması – yer səviyyəsindən xeyli hündürlükdə quraşdırılması və daxildə müəyyən tikinti işlərinin aparılmasıdır. Bu işin də çox böyük maneəsi həmin darvazanın üzərində vaxtilə ev sahibinin yeni evlənən yaxın qohumları üçün çiy kərpicdən müvəqqəti yuva kimi quraşdırılmış otağın mövcudluğudur ki, hal-hazırda həmin otaqda onların vərəsəsi olan tək qadın yaşamaqdadır. Yəni həmin qapının sökülməsi üçün həmin qadını başqa yaşayış sahəsi ilə, yaxud maddi kompensasiya ilə təmin etmək lazımdır. Bizim dəfələrlə Şəkinin İcra Hakimiyyətinə müraciətlərə cavab olaraq – “YUNESKO tərəfindən müvafiq maddi təzminat ödənilən kimi bu problemin həll olunacağına söz verilmişdi. Ancaq illər keçir, maddi təzminatlar da alınır, xərclənir, ancaq bizim darvaza problemimiz və ümumiyyətlə Şəkinin bir sıra başqa problemləri də həll olunmamış qalır. Hal-hazırda artıq 2022-ci ildir, havalar hələlik, yumşaq keçir. Ancaq qarşıdan gələn yaz-bahar günlərində güclü yağışlar yağanda evimizin də su basma təhlükəsi gözləniləndir! Ancaq yerli dövlət təşkilatları verdikləri sözü yada salmaq istəmirlər.

Mən Şəkidən seçilmiş üç nəfər sanballı deputata müraciət etmək istəyirəm: Bütün Şəki əhli şəhərimizdən seçilmiş Milli Məclis deputatlarımızın nə dərəcədə səviyyəli, savadlı fəal olduqlarını, mühüm dövlət işlərində iştirak etmələrini yüksək qiymətləndirir, onlarla fəxr edirlər.

Ancaq şəhər əhli Şəki şəhərinin problemlərinin də vaxtında və keyfiyyətli həll olunmasında onların iştirakının olmasını arzulayırlar. Məsələn, Şəkinin mərkəzində vaxtilə dəbdəbə və fəxr ilə tikilmiş doqquzmərtəbəli mehmanxana neçə illərdi ki (25-30) istifadəsiz qalıb şəhər əhlinin göz dağına çevrilmişdir. Başqa beşmərtəbəli, vaxtilə tələbələrin yataqxanası olmuş bina Cahangir Hacıyevə satılmış, yüksək sürətlə tikinti-quraşdırılma işləri aparılmış, ancaq Cahangir Hacıyev tutulduqdan sonra elə üç ildir ki yarımçıq qalmaqdadır. Nəticədə tələbələr də əziyyətlərdə, kirayələrdə qalmaq məcburiyyətində qalmışlar, indi nə yataqxana var nə hotel və yəqin ki hələ 14 il də gözləməli olacaqlar. Vaxtilə Şəkinin fəxri və yaraşığı olan mərkəzi yollar boyu düzülmüş sərin sulu bulaqları neçə illərdir ki susuz qalmış, ətraf tikililəri isə da uçub dağılmaqdadırlar. Şəkinin bu növ problemlərinin sayı-hesabı yoxdur, baxmayaraq ki onun təbiəti, dadlı mətbəxi, çoxsaylı qədim abidələri həmişə, bütün illərdə bütün dünya turistlərini bu gözəl məkana cəlb etməkdədir. Ancaq Şəkinin məsul şəxslərinin məsuliyyətsiz münasibəti ucbatından bu günə kimi heç bir dənə də olsun bütün abidələri, yolları, nəqliyyat marşrutlarını əks etdirən bir neçə dildə Şəkinin yol xəritəsi – “Putevoditel”i belə işlənib hazırlanmamışdır. Bu məktubu yazmaqda məqsədim yatmışları oyatmaqdır, əyər oyansalar?!

Bir cavab yazın