- Digər xəbər və məqalələr

Ombudsman aparatının fəaliyyətsizliyi, bəzi dövlət qurumlarında və Prezident Administrasiyasında vətəndaşların müraciətlərinin qeydə alınmaması və baxılmaması ilə bağlı məlumat

Azərbaycan Respublikasının prezidenti,

cənab İlham Əliyevə.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti,

xanım Mehriban Əliyevaya.

 

Surəti:     Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli

xanım Səbinə Əliyevaya  

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının fəaliyyətsizliyi,  bəzi  dövlət qurumlarında və Prezident Administrasiyasında  vətəndaşların müraciətlərinin qeydə alınmaması və baxılmaması ilə bağlı məlumat

Cənab Prezident və xanım Vitse-prezident.

19 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə şikayət etdim ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi mənim sorğularıma və icraçı direktor tərəfindən qəbul olunmağımla bağlı xahişlərimə cavab vermir. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə əsasən müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırmalı idi (maddə 13-1.1.). Və müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aşağıdakı şərtlərlə aydınlaşdırmalı idi (maddə 13-1.3.):

1.) İnformasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması (13-1.3.1.);

2.) İnformasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi (13-1.3.2.);

3.) İnformasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması (13-1.3.3.);

4.) İctimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi (13-1.3.4.);

Yarım ildən artıq vaxt ötməsinə baxmayaraq şikayətimə baxmadılar və bu şərtlərin heç birinə əməl etmədilər. O cümlədən, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət orqanından və ya vəzifəli şəxsdən pozuntuların aradan qaldırılmasını tələb etmədi (maddə 13-1.4.) və müvəkkildən göstəriş almadığına görə informasiya sahibi olan dövlət orqanı və ya vəzifəli şəxs də müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat da vermədi (maddə 13-1.5.). Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri (əlbəttə ki heç nə tələb etməyib!) yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana da müraciət etmədi (maddə 13-1.5.)! Əvəzində şikayətimi Medianın İnkişafı Agentliyinin özünə göndərdilər, onların cavabını da mənə, vəssalam. Yarım il ərzində bundan başqa heç nə etməyiblər, hansı ki bu işi hamı edə bilər mən də edə bilərəm, nənəm də edə bilər. Cənab Prezident və xanım Vitse-prezident, ombudsmanı və  aparatını bunun üçünmü saxlayırsınız?

O cümlədən, birinci məktubundan bir ay sonra – 22 dekabr 2021-ci il tarixdə, Medianın İnkişaf Agentliyi tərəfindən sorğularıma heç bir cavab gəlməməsi və icraçı direktor tərəfindən qəbul olunmağımla bağlı xahişimə cavab verilməməsi ilə bağlı ombudsman aparatına yenidən müraciət edərək şikayətimi təkrar etdim və əlavə etdim ki:

Digər tərəfdən Medianın İnkişafı Agentliyində həyata keçirilən korrupsiya faktları ilə bağlı Baş Prokurorluğa etdiyim müraciətim də ört-basdır edilir. Başqa sözlə Baş Prokurorluq şikayətimi araşdırmaq əvəzinə şikayətimi medianın İnkişafı Agentliyinin özünə göndərib xahiş edib ki, əgər cinayət tərkibli faktların olması doğrudursa Baş Prokurorluğa məlumat verilsin?! Bu sadəcə biabırçılıqdır. Medianın İnkişafı Agentliyi korrupsiya ilə məşğul olması barədə Baş Prokurorluğa məlumat verə bilərmi? Baş Prokurorluqdan gələn məktubun surətini e-mailinizə göndərəcəyəm. Bir sözlə bilmək istəyirəm, məmurlar niyə Prezidentin etimadını doğrultmurlar, vətəndaşların Konustitusiya hüquqlarını pozurlar, korrupsiya ilə məşğul olurlar və Baş Prokurorluq isə niyə bu korrupsiya faktlarına göz yummağa çalışır? Baş Prokuror niyə Prezidentin etimadını doğrultmur? Prezident onu həmin vəzifəyə təyin edib korrupsiya faktlarını ört-basdır etmək üçünmü? Ya cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaq üçün?

Cənab Prezident və xanım Vitse-prezident! Sizin Ombudsman aparatınızdan bəs mənə nə cavab verilsə yaxşıdır,  bilirsinizmİ? 4 dəfə cavab verilib ki, bəli Baş Prokurorluq düz hərəkət edir, korrupsiya ilə məşğul olan hər bir dövlət qurumu yalnız özü baş prokurorluğa məlumat verməlidir ki, “bəli, biz korrupsionerik!“?!

Cənab Prezident və xanım Vitse-prezident, bu da sizin ombudsman aparatınız, bunun ölkəyə 1 qəpiklik xeyri dəyə bilərmi? Narazılıq edirəm, deyirlər 1111-ə zəng elə! Eləmədim tənbəllik, zəng elədim də. Dedilər bu ay yerlər dolub, bu ayın 27-si “bəxtinizi bir daha sına”yın və bəlkə gələn ay üçün qəbula düşə bildiniz?!

Yeri gəlmişkən, əlavə edim ki şəxsən yoxlamışam ki, prezidentə və vitse-prezidentə internet vasitəsi ilə göndərilən məktubların əksəriyyəti qeydə alınmır. Saxtakarlıq elə Prezident Administrasiyasının özündən başlayır, internetlə gələn məktublara avtomatik bildiriş göndərilmir, sonra isə iddia edilir ki, guya heç bir məktub almayıblar! Mən bunu bu gün 1111-ə də dedim, bilirəm ki şikayət kimi qeydə almayacaq, amma demək vətəndaşlıq borcum idi. Yəqin ki bu məktubum da qeydə alınmayacaq və cavabsız qalacaq, amma buna baxmayaraq bu məktubu yazmağı öz vətəndaş borcum hesab etdim, üstəlik bunu həm də internetə də yerləşdirəcəyəm ki hamı oxusun, sizlərin də oxumaq imkanınız olsun.

İşdir əgər məktubun sizlərə çatsa bilin ki, ölkədə tam anarxiya hökm sürür, vətəndaşların hüquqları hər yerdə hər an pozulur, Ombudsman apartatı və Baş Prokurorluq isə buna göz yumur.

Hörmətlə,   Aydın Məmmədov