- «ASK» ASC, Şəki ipək kombinatı

Bu il daha az barama və “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın tam iflası!

Əldə etdiyimiz məlumatlara görə bu il Azərbaycanda daha az barama yetişdirilmişdir və Şəki ipək kombinatı hələlik cəmi 300 ton yaş barama qəbul etmişdir, barama tədarükü isə artıq başa çatmaq üzrədir, azı 80 % başa çatıb.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulurdu (bax>>). Lakin biz 2018-ci ildə növbəti 4 il üçün proqnoz vermişdik ki, barama qurdu bəslənilməsi üçün  yem bazasının zəif olması ildə 400-420 tondan artıq yaş baramanın tədarük edilməsi mümkünsüz edir  (“İpəkçi” qəzeti, 11 iyun 2018-ci il, № 2 (2293), s.  4).

Bəli, 4 il bir göz qırpımında keçdi, dörd il sonra, bu il nəinki 400-420 ton barama var, bundan daha da az olacaq! Bəli, biz 4 il əvvəldən bu uğursuzluğu görürdük. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” ona görə iflasa uğradı ki, həmin proqramı hazırlayanlar və həyata keçirənlər bu sahə üzrə mütəxəssis deyildilər, tam təsadüfi adamlar olublar. 6 min ton barama isə Azərbaycanda heç sovet dövründə belə yetişdirilməmişdir, utopikliyin həddi-hüdudu yox imiş. Və barama yetişdirilməsi indiki dövrdə sosial layihə də deyil, onlar prezident İlham Əliyevi də aldadıblar. Məsələn, Şəki rayonunun 10 minədək əhalisi olan kəndində məktəb və bələdiyyədən başqa, icra nümayəndəsindən başqa heç kim qurd toxumu götürmürsə, buna necə sosial layihə adı qoymaq olardı axı?!

Azərbaycanda tədarük olunmuş yaş baramanın çəkisi

Barama tədarükü,

tonla

2000 66.6
2001 115.0
2002 148.3
2003 130.9
2004 107.2
2005 78.0
2006 62.8
2007 80.8
2008 24.0
2009 9.0
2010 6.0
2011 4.0
2012 3.0
2013 1.4
2014 1.0
2015 0.2
2016 70.8
2017 245.2
2018 513.9
2019 643.7
2020 446.6
2021 497.4

Aydın Məmmədov